Bütün Azərbaycan ərazisində orta əsr şəhərinin bütöv siması olan İçərişəhər dünyanın dörd bir tərəfindən insanları özünə cəlb etməyə davam edir. Əzəmətli Qoşa Qala divarlarının əhatəsində olan bu aləmdə macəra axtaran hər kəsə yer vardır.
Biz isə bu sərgüzəştin daha çox tarixsevərə çatdırılması üçün öz fəaliyyətimizi genişləndirməyə davam edirik. Müasir günümüzdə bu artıq bir faktdır ki, sosial şəbəkələr təbliğat işlərinin genişlənməsində əvəzsiz rol oynayır. Geniş izləyici kütləsinin marağına xitab edən “Instagram” isə çox sayda yarışmanın, oyunların keçirilməsi və əlbəttə onun ictimaiyyətə sürətli və rahat şəkildə çatdırılması üçün olduqca əlverişlidir.
“İçərişəhərdə bloqerin bir günü” rubrikası da məhz bu məqsəsdlə Qoruq İdarəsinin yaradıcı heyəti tərəfindən ərsəyə gəldi. Gəzdikləri maraqlı məkanları izləyicilərinə təqdim edən, onun xüsusiyyətlərini çatdıran bloqerlər minlərlə insana bir saniyədə müraciət etməyə qabildirlər.
Bu baxımdan 11.01.2019-cu il tarixində bizim rubrikanın da ilk qonağı məhz Vyaçeslav Sapunov oldu. O, artıq izləyicilərinin inamını və sevgisini qazanmış bloqer kimi İçərişəhərin də vurğunudur.
Biz isə qonağımızı mahiyyət etibarilə müstəsna dərəcədə əhmiyyətli olan “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi ilə tanış etdik. Burada qonağımız 3 ölkənin – Türkiyə, Gürcüstan və Azərbaycanın muzeylərində saxlanılan eksponatlar ilə tanış olmaq imkanı qazandı. Həmçinin orta əsr musiqi alətlərini, Azərbaycan mütəfəkkirlərinin həyata dair ibrətamiz kəlamlarını dinləmək, Şirvanşahlar dövlətinin tarixinə dair isə iki animasiya filmini izləmək imkanı qazandı.
Ekspozisiyasının zənginliyindən və zərifliyindən vəcdə gələn qonağımıza ekskursiyanı İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova keçdi və cənab Sapunova ekspozisiyanın hazırlanma prosesindən bəhs etdi.
Vyaçeslav Sapunov bütün izləyicilərinə sərginin yerləşdiyi Şirvanşahlar Sarayı Kompleksini ziyarət etməyi tövsiyə etdi. Biz isə “Living History” səhifəmizi izləməyi tövsiyə edərək, sizi İçərişəhəri yenidən kəşf etməyə dəvət edirik.