Zamanın nəbzini tutmaq bütün dövrlərin dəyişməyən tələbidir. Əgər öndə olmaq, şəraitlə ayaqlaşmaq istəyiriksə o zaman mümkün qədər çox yeniliklərə qarşı açıq olmalıyıq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də bütün qüvvəsini və yaradıcı heyətini ölkəmizin mənəvi incisinin təbliğinə həsr edir, həmçinin vətəndaşlarımızın maddi və mənəvi olaraq daim şəhərdən zövq almasına şərait yaradır. Bu məqsədlə “Instagram” sosial şəbəkəsində keçirilən GİVEAWAY oyunu olduqca əlverişlidir.
Müsabiqənin nəticəsində qalib olmuş cütlük 13.01.2019-cu il tarixində qədim şəhərdə olduqca yaddaqalan bir gün keçirdi. Qaliblərə Qoruq İdarəsi tərəfindən ilk dəfə nümayiş edilən “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi də daxil olmaqla Şirvanşahlar Saray Kompleksi üzrə fərdi tur paketi təqdim edildi. Tarix, memarlıq və incəsənətə dair məlumatlarla zəngin ekskursiya nəticəsində qonaqlarımız öz biliklərini genişləndirməyə nail oldu.
Saraydan sonra ziyarət edilən növbəti məkan isə məşhur Bəylər məscidi idi. Qaliblərimiz burada nümayiş edilən “Müqəddəs əmanətlər” adlı sərgi sayəsində müqəddəs Qurani-Kərim kitablarının nadir nüsxələri ilə tanış ola bildilər. Ümumiyyətlə, yol boyunca ziyarətçilərimizə orta əsrlərin əzəmətli abidələri təqdim edildi və onlar bir daha dəfələrlə gəldikləri İçərişəhəri yenidən kəşf etmək şansı qazandılar.
Sonuncu dayanacaq isə XV əsrə aid dəbdəbəli İkimərtəbəli karvansarayda yerləşən “Muğam Klub” restoranı oldu. Cütlüyümüzə olan növbəti hədiyyəmiz isə məhz şam yeməyi idi. Burada onlar tarixi məkanda ləziz milli mətbəxin təamlarından dadaraq xoş bir axşam keçirdilər.
Asudə vaxtlarınızda tarixi ekskursiyadan sonra edilən dadlı nahardan daha yaxşı nə ola bilər?
Bu duyğunu hiss etmək arzusundasınızsa bizim sosial şəbəkə səhifələrimizi izləməyə davam edin. Xoş bir bazar günü keçirmək şansı sizin də ola bilər.