"İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzi
Azərbaycan qədim dövrlərdən bəri sənətkarlığın beşiyidir. Paleolit dövründəki daş üzərində oyma işlərindən başlayan xalq sənətkarlığı bəşəriyyətin tərəqqisi ilə paralel inkişaf etmiş, yeni sənət növləri yaranmışdır. Luvrdan tutmuş Ermitajadək dünyanın, eləcə də ölkəmizin müxtəlif muzeylərinin bəzəyi olan nəfis sənət əsərləri - xalçalar, kəlağayılar, dulusçuluq və keramika əşyaları, gümüş və zərgərlik, eləcə də digər məmulatlar özündə xalqımızın ruhunun bir parçasını yaşadır. Əsl sənətkar özündən əvvəlki təcrübə ilə yanaşı dövrünün mədəniyyətini də yaratdığı sənət əsərlərində canlandırıb. Buna görədir ki, əsl sənət işlərində sənətkarın əllərinin istisi və zəngin incəsənət irsimizlə müasirliyin sintezi hiss olunur.
Üç il əvvəl (2012-ci ildə) Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzi yaradıldı. Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Böyük Britaniyanın “Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi” arasında həyata keçirilən birgə layihənin nəticəsidir. Mərkəzin fəaliyyətinin əsas məqsədi istedadlı və yaradıcı gənc rəssamlara təlim vasitəsilə ənənəvi sənətkarlıq növlərini yaşatmaq və inkişaf etdirməkdir. Böyük Britaniyanın "Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi"nin direktoru doktor Xalid Azzamın başçılıq etdiyi müəllim heyəti və “İçərişəhər” DTMQ İdarəsinin nümayəndələri tərəfindən keçirilən fərdi müsahibələrdən sonra namizədlər arasından cəmi 22 nəfər tələbə layihədə iştirak etmək hüququ qazanmışdır. Üç illik tədris proqramı əsasında yerli və xarici mütəxəssislərdən intensiv təlim kursu keçən tələbələr qədim sənətkarlıq növlərinin tarixi, həndəsənin əsasları ilə yanaşı hazırda bu sahədə tətbiq olunan müasir üsul və texnologiyalara da yiyələniblər. Başlıcası odur ki, gənc sənətkarlar qədim ornament və bəzəkləri olduğu kimi təkrar etmir, ənənələrdən ilhamlanaraq onların əsasında özlərinin müəllif əsərlərini yaradırlar. Proqram çərçivəsində gənc yaradıcı rəssam - dizaynerlər ənənəvi incəsənətin 4 əsas istiqaməti – keramika, taxta işi, batika və zərgərlik üzrə təlim keçib. Üç mərhələdən ibarət təlim prosesinin birinci ilində Azərbaycan incəsənəti və milli sənətkarlıq işləri öyrənilərək təhlil olunub, naxışlar, həndəsə və dizaynın əsasları ilə tanışlıq sessiyaları keçirilib, əl işləri vasitəsilə müasir dizayn sirləri mənimsənilib. İkinci ildə əldə edilmiş bilik və bacarıqlar bir sıra sənətkarlıq işlərində tətbiq olunub, dizayn layihələri üzərində işlər görülüb. Təlim prosesinin sonuncu ilində Azərbaycan tətbiqi sənət işlərinin gələcək xarakterini təmsil edən yüksək keyfiyyətli brendi müəyyən edəcək bir sıra məhsullar üzərində işlər görülüb.
Bu müddət ərzində gənclərin böyük həvəs və həyəcanla həyata keçirdikləri təcrübələr sayəsində bəzən bir neçə material və texnikadan istifadə edərək kifayət qədər maraqlı işlər ərsəyə gəlib. Maraqlı işlərin ərsəyə gəlməsində tələbə və müəllim heyəti bu sənət növlərini nəsildən-nəsilə yaşadan el sənətkarları ilə də görüşüb, onlardan məsləhətlər alıblar. Mərkəzdə batika sahəsi üzrə dizayner kimi çalışan Vəfa Qurbanova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında xalçaçı- rəssam ixtisası üzrə təhsil alsa da, təlim proqramı çərçivəsində o, bu sənət növünü seçib və ipək kələğayıları ilə qədim zamanlardan şöhrət qazanmış Basqal sənətkarlarından onun incəliklərinə yiyələnib.
İpəkçiliyin qədim mərkəzlərindən olan Azərbaycanda kəlağayı sənəti qədim zamanlardan mövcuddur. Təsadüfi deyil ki, 2014-cü ildə “Azərbaycan kələğayı sənəti” YUNESKO-nun qeyri-maddi mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Ənənəvi olaraq kəlağayıların üzərinə naxışlar basma üsulu ilə vurulurdusa, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində batika sənətinin tədrisi ilə Azərbaycan kələğayı sənətinə yeni nəfəs gətirilib.
Dizaynerlərin əl ilə rəsm çəkmə üsulunun incəliklərinə yiyələnməsi üçün Mərkəz tərəfindən Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə məktəbindən xüsusi mütəxəssislər dəvət olunub. Əcnəbi müəllimlərdən əldə etdikləri bilik və təcrübə onların işlərinin uğur əmsalını daha da yüksəldib.
Təbiət ən yaxşı sənətkardır, – deyirlər. Mərkəzin fəlsəfəsinin əsasını təbiətdə mövcud olan bütün naxış və ornamentlər təşkil edir. Gənc dizaynerlərə ağacların budaqlarının quruluşuna, çiçəyin qönçəsi üzərindəki şeh dənəciyinə diqqətlə baxması kifayətdir ki, o, təbiətdən ilham alıb orijinal bir əsər yaratsın. Mərkəzdə hazırlanan hər bir sənət əsərinin “pasportu” var. Pasportda əsərin yaradılması zamanı hansı ornamentlərdən və naxışlardan istifadə olunduğu, onların təbiətdəki analoqları, müəllifin nədən ilhamlandığı barədə informasiya əks olunub.
Azərbaycanın zəngin incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “CANLI TARİX” konsepsiyasının həyata keçirilməsi çərçivəsində yaradılmış Mərkəz həm də cəmiyyət həyatında böyük sosial rol oynayır. Mərkəzin uğurlarından biri Şirvanşahların Taxtının dizaynının hazırlanmasıdır. Bu unikal layihə Şirvanşahların hakimiyyət rəmzi olan taxtı rekonstruksiya etmək və ona yenidən həyat vermək üçün bir imkandır. Onun məqsədi taxtın görünüşünü təkrar etmək deyil, XV əsrdə Şirvan və ətraf regionlarda formalaşmış ənənəvi incəsənət irsinin mahiyyətini təqdim edə biləcək vahid bir görüntü yaratmaqdır. Hazırda bu taxtın 3D modeli Şirvanşahlar Sarayının Taxt-tac zalında yeni muzey ekspozisiyasında nümayiş olunur və muzeyin ziyarətçiləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanır. Digər bir önəmli layihə “İçərişəhər” DTMQ İdarəsinin gerçəkləşdirdiyi Bəylər məscidinin bərpası layihəsinə Mərkəzin tələbələrinin də öz töhfəsini vermələridir. Mərkəz Məscidin interyerinin ağacdan olan elementlərinin üzərində ornamentlərin işlənməsi və hazırlanmasını öz üzərinə götürmüş və bu layihə də uğurla tamamlanmışdır.
"İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzinin tələbələrinin hazırladıqları əl işləri ölkəmizdə və xaricdə keçirilən sərgilərdə xalqımızın zəngin incəsənət irsini uğurla təbliğ edir, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta məktəb şagirdləri üçün məşğələlər keçirilir. Bir il əvvəl Mərkəzin nəzdində Gənc Rəssamlar Klubu yaradılıb və Mərkəzin rəssam-dizayner qrupu özlərini müəllim qismində sınayaraq öz bilik və bacarıqlarını uşaqlarla bölüşürlər. Mərkəz həmçinin ənənəvi incəsənət nümunələri, Azərbaycanın xalq sənətkarlığı ilə maraqlanan yerli və əcnəbi insanlar üçün zəngin məlumat və ilham mənbəyi rolunu oynayır. Bütün bunlar təbii ki, layihənin uğurunun və davamlı olacağının göstəricisidir – "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzi layihəsinin dörd ili tamamlansa da həm burada çalışanlar, həm də tələbələr öz təcrübələrini gənc nəslə ötürmək fikrində qətidirlər.
Qısa müddət ərzində Mərkəz özündə çoxəsrlik ənənələrimizi yaşatmaqla yanaşı müasir cəmiyyətin tələblərinə də cavab verən məhsulların geniş çeşidini yaratmağa müvəffəq olub. Mərkəzin batika üsulu ilə hazırladığı kəlağayılar dəbli aksessuar olaraq geniş istifadə olunmağa başlayıb.
Ənənəvi incəsənətin, xalq sənətkarlığının sirlərinə yiyələnərək onun gənc nəslə ötürülməsi Mərkəzin ən ümdə vəzifəsi olaraq qalmaqdadır. Çünki xalq sənətkarlığının öyrənilməsi şəxsiyyətin inkişafını təmin edən effektiv vasitədir. Bu yolla hər bir gənc öz xalqının mənəvi-əxlaqi dəyərlərinə, milli mədəniyyətinə dərindən bələd olur, onda estetik zövq, əməyə hörmət və maraq formalaşır. Mərkəzin dörd illik uğurlu fəaliyyəti nəticəsində Azərbaycan incəsənəti və sənətkarlığının gələcək inkişafı üçün yaradıcı gənc sənətkarlar qrupu yetişdirilmişdir.
24 dekabr 2016-cı il tarixdə ilk təqdimat mərasimi keçirilən “Dastan” brendi adı altında dörd ənənəvi sənətkarlıq növü - zərgərlik, batika, keramika və taxta işi istiqamətində sənət nümunələri hazırlanır. Mövzu olaraq hər bir sənət nümunəsinin hazırlanması bir neçə ay davam edir. Yerli və əcnəbi mütəxəssislərdən ibarət sənətkarlar qrupu bu sənət əsərlərinin ərsəyə gəlməsində gənc dizaynerlərə yaxından köməklik göstərirlər. Təbii materiallardan hazırlanan sənət nümunələrinin istehsalında keçmiş və müasir dövrün texniki vasitələri və prinsiplərindən geniş istifadə olunur. Azərbaycan mədəni irsinin təbliğ ilə yanaşı, keçmişin ruhunu, müasir dövrün mahiyyətini özündə əks etdirən nəfis əsərlər meydana çıxır.
Hazırda mərkəzdə təqdim olunan “Şirvanşahlar” kolleksiyası IX-XVI əsrlərdə Azərbaycan ərazisində hökmranlıq etmiş qüdrətli tarixi Şirvanşahlar dövlətinin zəngin mədəniyyətini bütün əzəməti ilə özündə əks etdirir. Azərbaycan tarixində ən çox hökm sürən sülalələrdən biri olan Şirvanşahlar incəsənətə böyük təsir göstərib. Onların hakimiyyəti dövründə yaradılan memarlıq abidələri, daş oymalar, xalçaçılıq, zərgərlik və digər incəsənət mümunələri özünəməxsusluğu ilə seçilir. XIII əsrdə Şirvanşah III Fəribürzün əmri ilə tikilmiş Bayıl Qəsri, Şirvan-Abşeron memarlıq məktəbinin XIII-XVI əsrlərə aid Şirvanşahlar Sarayı Kompleksi memarlıq abidəsi, eləcə də Şirvanşahlar Dövlətinin atributları kolleksiyanı yaradan dizaynerlər tərəfindən əsas ilham mənbəyi olaraq seçilmişdir.
Əsas ilham mənbəyi olaraq Şirvanşahlar Sarayı Kompleksi memarlıq abidəsinin zəngin interyer və eksteryer dizaynları, nəbati və həndəsi naxışlar, kufi yazıları, eləcə də həmin dövrdə tikilən Bayıl qəsrinin daş pannoları üzərindəki antropomorf və zoomorf təsvirlər, həmçinin Şirvanşahlar dövlətinin dövlət atributlarında əks olunan simvolik təsvirlər seçilib. Kolleksiya “Divanxana” (batika), “Saray” (keramika, taxta), “Şirvanşah” (zərgərlik), “Aslan və öküz” (zərgərlik, keramika), “Səbayıl” (taxta) seriyalarından ibarətdir. Beləliklə, IX-XVI əsrlərə aid mədəni irs qədim sənətkarlıq texnikalarının köməyi ilə “Şirvanşahlar” kolleksiyasında tam müxtəlifliyi ilə əks olunub.
Ötən illər ərzində mərkəzdə təqdim olunan kolleksiyalar XV Beynəlxalq Azərbaycan Səyahət və Turizm sərgisində, mərkəzi Londonda yerləşən Şahzadə Fond Qalereyasında, Fransada keçirilmiş "Azərbaycan şəhərciyi", eləcə də “İTB –Berlin ” səyahət və ticarət sərgisində nümayiş etdirilib.
"Şirvanşahlar” kolleksiyasına aid sənət nümunələri ilə Azərbaycan Xalça Muzeyində, “ Faro” zərgərlik butikində və İçərişəhər ərazisində yerləşən "İçərişəhər" Ənənəvi İncəsənət mərkəzində tanış ola bilərsiz. Bu dəyərli sənət əsərləri alıcıya məhsulun orijinallığını təsdiqləyən sertifikatla xüsusi məxmər qablaşdırmada təqdim olunur. Həmin sertifikatdan əsərin müəllifi tərəfindən dizayn və naxışların haradan ilhamlandığı barədə informasiya əldə edə bilərsiniz.