Marionet teatrı
Marionet teatrı fenomeni yetərincə maraqlı olmaqla yanaşı, dünyada populyar olan teatr incəsənəti janrlarından biridir. Teatr növləri arasında ən çətin başa gələn və eyni zamanda, ən maraqlı və cəlbedici sayılanlardan biri marionet teatrı sənətidir. Çətin olduğuna görə, əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Amma o ölkələrdə ki, marionet teatrı vardır, bu sənət həmin xalqın milli mədəniyyət sərvəti olub və ölkəsini tanıtdıran rəmzlərdən sayıla bilər: Avstriyada Zalsburq Marionet Teatrı, İtaliyada Kola Marionet Teatrı, Gürcüstanda Rezo Qabriadzenin Marionet Teatrı və s.
Bütün yaş qrupundan olan insanların heyranedici rəğbətinə səbəb olan bu teatr janrı xalqımızın zəngin, çoxşaxəli mədəni irsinin ən müxtəlif sahələrini-memarlıq, milli geyim, musiqi, dilimizin nitq melodikası, məişət və bayramlarımız, naxışlar və rəqslərimizi özündə birləşdirir. Azərbaycanda Marionet teatrı 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranmışdır.
Bu gün Marionet teatrının repertuarına “Arşın mal alan” operettası və “Leyli və Məcnun” operası daxildir. Qeyd edək ki, “Arşın mal alan”-ın uğurlu premyerası 16 avqust 1990-cı il tarixində Fransada, Avinyon şəhərinin yaxınlığında yerləşən füsunkar Karpantrada keçirilmiş, sonrakı illərdə dünyanın bir çox ölkələrində səhnəyə qoyulmuşdur. Teatrın ilk tamaşası barədə Fransa mətbuatı vəcdlə yazırdı: “Hər şeyə qadir olan marionetlər!”, “Ləzzət hələ iki gün də davam edəcək!” (qastrol proqramının başa çatmasına yaxın, Karpantranın şəhər rəhbərliyi əlavə tamaşalar göstərmək haqqında teatrın razılığını almışdı). Bu gün isə artıq Almaniya, ABŞ, Rusiya, Polşa, İsveçrə kimi ölkələr də teatrın qastrol xəritəsində layiqli yer tutur.
O cümlədən İdarəmizin nəzdində fəaliyyət göstərməyə başladığı 2011-ci ildən bu günədək də teatrın ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası dəfələrlə tamaşaya qoyulmuşdur.
Bu günlərdə isə bu teatrın səhnəsində marionet kuklaları “Leyli və Məcnun” operasının qəhrəmanlarını canlandıracaqlar. Qədim Şərq folkloruna məxsus incə və faciəli məhəbbət əfsanəsi olan “Leyli və Məcnun” orta əsrlər dövrü ədəbiyyatının ən məşhur mövzusu olmuş, 50-dən çox şair, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli mövzuya eyniadlı poemalar həsr etmişlər. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazmışdır.
Azərbaycanda Marionet Teatrı 2013-cü ildən başlayaraq əsas məqsədi xalqda milli dəyərlərə bağlılığı qoruyub saxlamaq, mədəni irsimizi yaşadıb gələcək nəsillərə ötürməkdən ibarət olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. 2013-2016-cı illərdə tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlər həyata keçirilmişdir. Nəticə etibarilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən teatrın yerləşdirilməsi üçün İçərişəhərdə ayrılmış binada bərpa və binanın teatr fəaliyyətinə uyğunlaşdırılması işləri böyük uğurla tamamlanmışdır. Teatrın binası Müslüm Maqomayev, 20 ünvanında yerləşən Marionet Teatrının binası 1880-ci ildə antik obraz və motivlərdən istifadə edilərək neoklassisizm üslubunda inşa olunmuşdur. Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan bina Bakı zadəganlarından olan Səlimxanovlara aid olub. Tarixi binanın fasadında XIX əsrin sonuna xas olan klassik rus memarlığı elementlərindən və Avropa dekorlarından istifadə olunub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İçərişəhərdə Marionet Teatrının açılışında iştirak ediblər. Teatrın binasının rəmzi açılışını bildirən lenti kəsən Azərbaycan Prezidenti və xanımı teatrın binasında yaradılan şəraitlə tanış olublar.
"Arşın mal alan”
12-pərdəlik marionet tamaşası
Üzeyir Hacıbəyli tərəfindən 1913-cü ildə yazılmış musiqili komediya əsasında
Tamaşanın quruluş müddəti: 1985–1990-cı illər
Fonoqramın lentə alınması: 1988-ci il
“Arşın mal alan” Üzeyir-bəyin üçüncü və sonuncu operettasıdır. Dünya şöhrətli bu musiqili komediyanın süjeti məşhur xanəndə Məcid-bəyin həqiqətən başına gəlmiş əhvalatdan götürülmüşdür: Şəhərin ən adlı-sanlı tacirlərindən birinin gənc oğlu Əsgər evlənmək fikrinə düşür, amma mütləq əvvəlcə qızı görmək, seçib-bəyənmək istəyir. Bəs, adətləri pozmadan, heç kəsin xətrinə dəymədən bunu necə etsin?.. Kələksiz bu iş düzəlmir: Əsgər əyninə arşınmalçı paltarı keçirib, düşür qapı-qapı qız axtarmağa! Görün bir, bu kələyin üstündə ara necə qarışır, nə cür məzəli əhvalatlar baş verir!..
Quruluşçu-rejissor – Tərlan Qorçu
Quruluşçu-rəssamlar – Elçin Məmmədov, Tərlan Qorçu
Musiqi aranjimançısı – Cavanşir Quliyev
Kukla rəssamları – Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmirə Abbaslı
Dekorasiya rəssamları – Abas-Əli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadze
Əsas obrazlar / Rolları səsləndirdilər:
Əsgər, gənc, varlı tacir – İlqar Muradov (vokal), Füzuli Hüseynov (dialoqlar)
Cahan-xala, Əsgərin xalası – Zərnigar Ağakişiyeva (vokal və dialoqlar)
Süleyman, Əsgərin dostu – Elxan Əhədzadə (vokal), Ramiz Məlikov (dialoqlar)
Vəli, Əsgərin nökəri – Yasin Qarayev (vokal və dialoqlar)
Sultan-bəy, qoca, kasıblamış bir zadəgan, dul qalıb – Siyavuş Aslan (vokal və dialoqlar)
Gülçöhrə, Sultan-bəyin qızı – Xuraman Qasımova (vokal), Məlahət Abbasova (dialoqlar)
Asiya, Gülçöhrənin əmisi qızı – Nəcibə Hüseynova (vokal və dialoqlar)
Telli, Gülçöhrənin qulluqçusu – Nuriyə Əhmədova (vokal və dialoqlar)
Aktyorlar:
Əli Allahverdiyev / Mehman Musabəyli
Səbuhi Yaqubov / Həsən Yaqubov
Zaur Məmmədov / Hikmət Aydınoğlu
Nazim Hüseynov / İlqar Rəsulov
Ramiz Əliyev, Rizvan Ələsgər
QISA MƏZMUNU:
BİRİNCİ AKT
1. Əsgərin evində
Gənc tacir Əsgərin dərdi var: o, evlənmək fikrindədir, amma bilmir necə etsin ki, qızı özü seçsin, axı o dövrün adətinə görə bəy gəlini yalnız toydan sonra görə bilər... Əsgərin dünyagörmüş dostu Süleyman ona yol göstərir: tacir Əsgər qapı-qapı mal gəzdirən kasıb arşınmalçıya çevrilərsə, istənilən evə girib, qızları görüb, könlünə yatanı gözaltı edib evlənə bilər…
2. Bakının küçələrində
Əsgər arşınmalçı cildində şəhəri gəzib-dolaşır, ürəyinə yatan qız axtarır, amma hələm-hələm tapa bilmir. Bu yandan da iki qoçu onun yolunu kəsib, münasib qiymətə Əsgərin düşmənlərini öldürməyi təklif edir, sonra isə Əsgərin özünü hədələyirlər. Onların qorxusundan Əsgər inanılmaz bir tullanışla hasardan aşıb gözdən itir…
3. Sultan-bəyin həyətində
Gülçöhrə pərişandır, çünki ümidsiz bir qərara gəlib: “Oğlanı görməyincə, bəyənməyincə, ərə getməyəcəyəm…” Əmisiqızı Asiya ilə qulluqçusu Telli onu bu fikirdən daşındıra bilmirlər. Birdən həyətlərinə göydən bir oğlan düşür. Bu, arşınmalçı Əsgərdir. Oğlan Gülçöhrəni görən kimi ona aşiq olur. Qız da bir könüldən min könülə Əsgərə vurulur. Eşq-məhəbbət mehi aləmi bürüyür.
4. Bakının küçələrində
Sevgi hissi Əsgəri bəxtəvər etmişdir... Onun sadiq köməkçisi Vəli də ağasının sevinci ilə qanadlanıb, xoşbəxt olmuşdur...
5. Sultan-bəyin həyətində
Əsgər öz xalasını Gülçöhrəyə rast gəldiyi ünvana gətirib. Cahan-xalanı öz həyətində görcək Sultan-bəyin gözü düşür ona. Sultan-bəy xalaya eşqnamə oxuyan yerdə Əsgər arşınmalçı cildində ortaya çıxır və bəyə təklif edir: “Gəl ikibaşlı qohum olaq. Mən xalanı verim sənə, sən də qızını ver mənə”... Sultan-bəy özündən çıxır: “Nə?!? Buna bax! Rədd ol burdan!”…
A N T R A K T
İKİNCİ AKT
6. Sultan-bəyin evində
Süleyman Sultan-bəyin evinə elçi gəlib. O, Sultan-bəyin qızını tacir Əsgər üçün istəyir. Əsgər varlı gənc tacirdir deyə, Sultan-bəy bu işə məmnuniyyətlə razılıq verir. Elçilik əsnasında Süleyman ilə Asiya gözucu bir-birini görür, bir-birinə aşiq olurlar…
7. Sultan-bəyin evi qarşısında
Vəli isə həmin evin qulluqçusu Tellini dilə tutub adaxlıbazlığa keçir. Telli də bu işə meyillidir, amma bir məsələ qızı yaman darıxdırır: görəsən, Vəlinin pulu varmı? «Var, var!» – deyə Vəli dönə-dönə Tellini əmin edir.
8. Sultan-bəyin evində
Sultan-bəy qızına xəbər verir ki, onu tacir Əsgərə ərə verməyi qət etmişdir. Gülçöhrə atasını heç cür bu qərardan döndərə bilmir, əlacsız qalıb atasının üzünə durur: «Ata, mən arşınmalçıdan başqa heç kimə ərə getməyəcəyəm»… Sultan-bəy qızın tərsliyinə bərk acıqlanır, xəncərini çəkib Gülçöhrəni hədələyir, evdəkilərin hamısını qatır bir-birinə...
9. Sultan-bəyin evi qarşısında
Sultan-bəy çox düşünüb-daşınır, amma başqa yol görmür: elçiyə verdiyi sözünü doğrultsun deyə, gərək elə etsin ki, Əsgərin adamları gecə ilə gəlib Gülçöhrəni qaçırsınlar. Onda qız Əsgərə ərə getməyə məcbur qalacaq...
10. Bərbəzəkli qonaq otağında
Gülçöhrə canına qəsd etməyə hazırdır: “Məni tacir Əsgərə ərə vermək istəyirlər... Özümü bu çilçıraqdan asıb-boğaram, amma arşınmalçıdan başqa heç kəsə getmərəm!..” Əsgər otağa daxil olur. Gülçöhrə onu görən kimi tanıyır və başa düşür ki, tacir Əsgər elə həmin arşınmalçının özüdür.
11. Aynalı salonda
Beləcə, hər şey aydınlaşır və tacir Əsgərin evində dörd toy birdən qurulur: Əsgər Gülçöhrəni alır, Süleyman – Asiyanı, Sultan-bəy – Cahan-xalanı, Vəli isə – Tellini.
12. Final səhnəsi
Əsgər ilə Gülçöhrə toy səyahətinə – hava balonu ilə Parisə yollanırlar. Bir neçə gündən sonra orada “Paris Mövsümləri” başlanır.
Sağ-salamat! Parisə! Parisə!
"Leyli və Məcnun”
14-pərdəlik marionet tamaşası
Muğam operası
Opera 1907-ci ildə Üzeyir Hacıbəyli tərəfindən Məhəmməd Füzulinin (1494–1556) eyniadlı poeması əsasında ərsəyə gətirilmişdi
Tamaşanın quruluş müddəti: 2013–2016-cı illər
Fonoqramın lentə alınması: 2015-ci il
Şərq dünyasının ilk operası olan bu əsər xalqımızın olduqca zəngin folklor musiqisindən təkan alaraq, muğam və lirik mahnılar əsasında yaradılmışdır. Eyni zamanda, bu operada həm Şərq, həm də Qərb musiqi ənənələri ahəngdar tərzdə yer almışdır. Məşhur, klassik süjetin bənzərsiz musiqi ilə birləşməsi bu operanı təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində populyar və sevilən olmasına yol açmışdır.
“Leyli və Məcnun” ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur...
Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Quruluşçu-rejissor – Tərlan Qorçu
Quruluşçu-rəssam – Tərlan Qorçu
Musiqi aranjimançısı – Salman Qəmbərov
Kukla ustası – Tengiz Xalvaşı
İşıq işləri üzrə rəssam – Azər Muxtarov
Səhnə qurğularının müəllifi – İlkin Mirzəyev
Əsas obrazlar / Rolları səsləndirdilər:
Leyli – Günay İmamverdiyeva
Qeys / Məcnun – Mənsum İbrahimov
Leylinin atası – Cabir Həsənov
Məcnunun atası – Elgiz Əliyev
Məcnunun anası – Qızılgül Babayeva
Nofəl, Məcnunun dostu – Cahangir Qurbanov
Ərəb, Nofəlin silahdaşı – Elgiz Əliyev
İbn-Səlam – Ramiq Bayramov
Muğamların instrumental ifaçıları:
Rəşad İbrahimov (tar)
Təbriz Yusubov (kamança)
Aktyorlar:
Fərizə Babayeva
Əli Allahverdiyev
Aysel Bədəlova
Tatiana Terentyeva
Nazim Hüseynov
Nəsrin Vüsal
Hikmət Aydınoğlu
QISA MƏZMUNU:
1. Aylı gecə
Üyüdülür say-hesabsız başlanğıclar, axırlar –
Əbədilik dəyirmanı bu minvalla çalışar...
2. Pərilər
Yaşam ipi çox incədir! Şam işığı gur yanmaz!
Gəl ki, ürkək könlün eşqi kainatlara sığmaz...
3. Aşiqanə görüş
Leyli: Eşq oduna düşdü canım – ixtiyarım qalmadı...
Qeys: Gördüm o gözəl hüsnünü – səbri-halım qalmadı...
4. Qeys, ata-anası ilə
Qeys: Ata, ana, eşqin həvası məni məcnun edəcəkdir...
Ata-anası: Biz sənə Leylini gedib, alıb, istərik!
5. Leylinin atası onu Qeysə vermir
Qeysin atası: Bu işə xeyir-dua ver, oğlumun olsun Leyli!
Leylinin atası: Vermərəm! Leyliyə yaraşmaz divanə oğlan!
6. Aşiqlərin ümidsizliyi
Amansız, zalım fələk ayırdı aşiqləri!
Məcnunluq qaldı Qeysə – kəsildi ümidləri...
7. İbn-Səlam elçiliyə gəlir
Leylinin atası: Verdim Leylini, getsin, İbn-Səlamın olsun...
İbn-Səlam: İndi sən mənə oldun ata-anadan əziz!
8. Məcnun səhraya çəkilir
Məcnun: Düşmən kəsilibdir taleyim mənə:
Yar həsrəti məni etdi divanə...
9. Nofəl ilə görüş
Ərəb: Leylinin eşqindən bu olmuş məcnun...
Nofəl: Düzələndir bu iş: daş-qaş lazımdır, ya da ki – qoşun!
10. Leyli uğrunda döyüş
Nofəl: Leylini versən Məcnuna, daş-qaş başından aşar!
Leylinin atası: Nə dövlətin, nə də gücün buna etməz məni vadar!
11. İbn-Səlamın evində
Leyli: İbn-Səlam, sən səbr elə, qoy bəlkə Məcnun əl çəkə...
İbn-Səlam: Leyli, mən səbrə hazıram, bil!
12. Taleyi ilə barışa bilməyən Leyli şam kimi sönür...
Leyli: Varımdır sinədə dərdi-qəmi... aman, ölürəm!
Xəyali zülfünə bağlı gedibdir bu can, ölürəm!..
13. Məcnunun ölümü
Məcnun: Ya Rəbb, mənə cismi-can gərəkməz,
Canan yox isə cahan gərəkməz...
14. Final
Qovuşa bilməyib, azıb zülmətdə,
Murada yetişmişlər əbədiyyətdə...