Beynəlxalq təşkilatlar

YUNESKO

 Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət üzrə təşkilatı - YUNESKO 1945-ci il, 16 noyabr tarixində təsis edilmişdir. YUNESKO qərargahı Parisdə yerləşən Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış bir qurumudur. YUNESKO öz məqsədlərini beş böyük proqram vasitəsilə həyata keçirir:

1)  təhsil

2)  təbiət elmləri

3)  sosial-humanitar elmlər

4)  mədəniyyət

5)  rabitə-məlumat.

 YUNESKO tərəfindən maliyyələşdirilən layihələrə savadlılıq, texniki və müəllim hazırlığı proqramları, beynəlxalq elm proqramları, müstəqil mətbuatın və mətbuat azadlığının təbliği, regional və mədəni tarix layihələri, mədəni müxtəlifliyin təşviqi, dünya ədəbiyyatının tərcümələri, beynəlxalq əməkdaşlıq müqavilələri, dünyadakı mədəni irs ərazilərini və insan hüquqlarını qorumaq daxildir. Ümumdünya İrsi –YUNESKO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Bu ərazilər bəşəriyyətin kollektiv maraqları üçün vacib sayılır. Bu siyahıya daxil olmaq üçün ərazi coğrafi və tarixi baxımdan xüsusi mədəni əhəmiyyətə malik əlamətdar bir yer olmalıdır.

YUNESKO-Azərbaycan əlaqələri

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində YUNESKO-ya üzv qəbul edilmişdir.1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev YUNESKO-nun baş direktoru Federiko Mayorla görüşmüşdür.

YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə əsasən, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəbdən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Azərbaycan Respublikası Prezidenti H.Əliyevin 21 fevral 1994-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyiyanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli 1006 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilmişdirvə Milli Komissiyanın tərkibi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2015-ci il tarixli Sərəncamı ilə Milli Komissiyanın tərkibində bir sıra dəyişikliklər edilmişdir (Sərəncam əlavə olunur).Həmçinin Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2016-cı il tarixli, 2193 saylı Sərəncamı ilə 2005-ci il Sərəncamına növbəti dəyişikliklər edilmişdir. YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Elmar Məmmədyarovdur.

Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi təsis edilmiş və Eleonora Hüseynova Daimi Nümayəndə təyin olunmuşdur (2004-2014). 23 may 2014-ci il tarixindən Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimovdur.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin «Dədə Qorqud kitabı»nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il fərmanına əsasən, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılmış, 21 fevral 1999-cu il tarixində Kitabi Dədə Qorqud dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam imzalanmışdır. 9 aprel 2000-ci il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının və YUNESKO baş direktoru K.Matsuuranın iştirakı ilə “Kitabi ­Dәdә Qorqud" dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

İçərişəhərin Müstəsna Ümumbəşəri Dəyəri və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi

 Qala Divarları ilə əhatə olunmuş  İçərişəhər orijinal küçələri  ilə əzəmətli şəhər planlaşdırmasını və nadir memarlığı özündə əks etdirir. İçərişəhər yerli sakinlərin yaşadığı canlı tarixi məkandır. Onun Bakı üçün xüsusiliyini İçərişəhərin planlaşdırılmasında  aydın görmək olur. Küçələrdə rast gəlinən orta əsrlərə məxsus naxışlar buranı  görən hər kəsə unudabilməyəcəyi zövq verir. İçərişəhər XIX və XX əsrlərdə Bakının dinamik şəhər inkişafından kənarda qaldığı üçün öz memarlığını və şəhər tərtibatını qoruyub saxlamışdır. Bu fenomen müasir şəhərlər üçün nadir hallardandır. Şəhərin daha yuxarıda yerləşən hissələrində  yalnız minarələr, Şirvanşahlar Sarayı və Qız Qalası inşa edilmişdir.

 İçərişəhərin ən qədim abidəsi Bakı şəhərinin rəmzi olan Qız Qalasıdır. Qız qalasının inşasının eramızdan əvvəl VII-VI əsrlərə aid olmasına dair fikirlər də var. Azərbaycanın memarlıq incilərindən biri olan ümumdünya dəyərli digər bir abidə XIV-XV əsrlərə aid İçərişəhərin ən yüksək nöqtəsində yerləşən Şirvanşahlar Sarayıdır.  İçərişəhərin qədim  abidələrinə 1078-ci ildə minarəsi ilə birlikdə tikilmiş Məhəmməd məscidi və Qız qalası yaxınlığında yerləşən IX-X əsrlərə aid olunan məscidi göstərmək olar. Bu orta əsr şəhərinin tarix və memarlıq baxımından  əlamətdar və nadir xüsusiyyətlərə malik olduğunu  nəzərə alaraq, 2000-ci ildə YUNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil olundu və UNESCO tərəfindən tarixi və memarlıq qoruğu olaraq qorunmaqdadır.

 Meyar: İçərişəhər  Zərdüşt, Sasani, Ərəb, Fars, Şirvanilər, Osmanlı və Rus mədəniyyətlərinin təsir etdiyi  tarixi  şəhər quruluşunu və memarlığını təmsil edir.

 "İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” 27 noyabr - 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanda baş verən zəlzələ nəticəsində abidələrə zərər dəymiş və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci Sessiyasında İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə və onun ərazisindəki tarixi-memarlıq abidələrinin qorunub saxlanmasına, mühafizəsinə və inkişafına dövlət qayğısı artırılmış, abidələr kompleksinin xarici təsirlərdən mühafizəsi üzrə uzunmüddətli strategiya çərçivəsində vahid siyasət həyata keçirilmişdir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində, 22-30 iyun 2009-cu il tarixində İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü Sessiyası çərçivəsində qəbul edilən qərara əsasən, abidənin YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılaraq əvvəlki statusu bərpa edilmişdir.

18-19 dekabr 2013-cü il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci Sessiyası  çərçivəsində Azərbaycanın hər iki mədəni irs nümunəsinə "gücləndirilmiş mühafizə" statusu verilmişdir.

 ========================================================================

NEMO

  Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO) 1992-ci ildə Avropa Şurasına üzv dövlətlərin muzey icmasını təmsil edən milli muzey təşkilatlarının müstəqil şəbəkəsi kimi qurulmuşdur. NEMO Avropanın mədəni inkişafı naminə Avropada 30.000-dən çox muzeyi özündə birləşdirir. O muzeyləri informasiya və əməkdaşlıq imkanları ilə təmin etməklə onların Avropa həyatının ayrılmaz bir hissəsi olmağına səy göstərir. NEMO, Avropa muzeylərinə bir-birilə əməkdaşlıq edərək Avropa mədəni siyasətində iştirak yollarını göstərir və  beləcə NEMO Avropa institutları və muzeyləri arasında informasiya kanalı funksiyasını hayata keçirir.

NEMO hesab edir ki, muzeylər mədəni irsin qorunmasında əsas rol oynayır və Avropa daxilində qarşılıqlı anlaşma yolunda başlıca mərkəzi fiqurlardır.

NEMO və İçərişəhər

  “İçərişəhər” DTMQİ 2016-cı ildən Avropa Muzey Təşkilatları Şəbəkəsinin üzvüdür. Ötən müddət ərzində NEMO ilə faydalı əməkdaşlıq münasibətləri qurulmuşdur. Bu əməkdaşlığa misal olaraq 2017-ci ilin 25-26 noyabr tarixlərində NEMO-nun beynəlxalq təlimçisi Björn Stenvers tərəfindən İçərişəhərin muzey əməkdaşları üçün  “Muzey marketinqi” mövzusunda təlim təşkil edilmişdir. Təlimdə İçərişəhərdəki 4 muzeyi təmsil edən 25 iştirakçı və İdarənin marketinq şöbəsi iştirak etmişdir. Təlimdə beynəlxalq təcrübə əsasında muzey marketinqi strategiyasına dair müzakirə aparılmışdır.

NEMO ilə əməkdaşlıq çərçivəsində İdarənin əməkdaşı 8 - 9 mart, 2018-ci il tarixlərində Madriddə İspan Mədəni İrs Menecerləri Dərnəyi (AEGPC) tərəfindən 8 NEMO üzvünün iştirakı ilə təşkil edilən 7-ci NEMO Təcrübə Mübadiləsində iştirak etmişdir. Finlandiya, Bolqarıstan, Makedoniya, Macarıstan, İrlandiya, Rumıniya və Azərbaycandan olan iştirakçılar İspaniya muzeylərinin təcrübəsini öyrnəmişdir.

NEMO ilə əməkdaşlığın davam olaraq 29 iyun, 2018-ci il tarixində İdarənin əməkdaşı İsveçin Östersund şəhərində, Jamtli Fondu və Nordiya İrs Öyrənmə və Yaradıcılıq Mərkəzinin birgə təşkil etdiyi bir günlük 9-cu Beynəlxalq Təlim Kursunda iştirak etmişdir. Hollandiya, Azərbaycan, Rumıniya və Macarıstandan olan iştirakçılar İsveçin muzey idarəetməsi haqqında faydalı məlumat əldə etmək imkanı qazanmışdır.

 ========================================================================

 

OWHC

Dünya İrsi Şəhərləri Təşkilatı (OWHC) YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil olan yerlərin yerləşdiyi 250 şəhərdən ibarət beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır. 1993-cü ildə Mərakeşdə, Dünya İrs Şəhərlərinin İkinci Beynəlxalq Simpoziumu əsnasında qurulmuşdur. OWHC-nin qərargahı Kanadanın Kvebek şəhərində yerləşir. Ümumilikdə OWHC üzvü olan 250 şəhərin 130 milyondan çox əhalisi var. Hər hansı bir şəhərin  OWHC üzvü ola bilməsi üçün əsas 2 şərt tələb olunur. Birincisi, şəhər tarixi və ya çağdaş maraq kəsb edən ərazidə yerləşməlidir. İkincisi, şəhər OWHC dəyərlərinə uyğun olmalıdır. 1993-cü ildə OWHC-nin təsis edilməsi zamanı üzv şəhərlər Təşkilatın gələcəkdə hədəflərini və vəzifələrini müəyyənləşdirdi. OWHC Ümumdünya İrs Konvensiyasının (1972-ci ildə UNESCO tərəfindən qəbul edilmiş Ümumdünya Mədəni və Təbii İrsin qorunmasına dair Konvensiya) həyata keçirilməsini hədəfləyir. Həm regional, həm də beynəlxalq səviyyədə üzv şəhərlər arasında əməkdaşlıq, informasiya və təcrübə mübadiləsini təşviq edir.

OWHC və İçərişəhər

İçərişəhər 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində OWHC ilə səmərəli əməkdaşlıq etmişdir. Bu əməkdaşlığın bir nümunəsi olaraq İçərişəhər Administrasiyası 23-24 oktyabr 2018-ci il tarixlərində Təşkilatın İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi etmişdir. İştirakçılar Azərbaycanın mədəni irsinin, İçərişəhərin  zənginliyinə heyran qaldıqlarını və o cümlədən iclasın təşkilatçılığının yüksək səviyyədə olmasını bildiriblər.

 2018-ci ilin may ayında “İçərişəhər” DTMQİ İdarə Heyətinin Sədri 12-ci OWHC Regional Konfransına dəvət edilmişdir. Konfransın əsas mövzusu Ümumdünya İrs Şəhərləri qarşısında duran problemlər, mədəni turizmin meylləri, tarixi irsin qorunması və tarixi ərazilərə turist marağını artırmaq strategiyaları olub. Həmçinin, iştirakçılara İçərişəhərdə tarixi irsin qorunması istiqamətində görülən işlər və gələcək hədəfləri barədə məlumat verilib.

 ========================================================================

 IRCICA

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırma Mərkəzi (IRCICA), elm, texnologiya və tibb tarixi ilə əlaqədar araşdırma aparan qeyri- kommersiya təşkilatıdır. IRCICA 1980-ci ildə İslam Konfransı Təşkilatının mədəniyyətlə əlaqəli ilk köməkçi orqanı olaraq fəaliyyətə başlanışdır.

Onun yaradılması 1976-cı ildə İstanbulda keçirilmiş Xarici İşlər Nazirlərinin Yeddinci İslam Konfransı zamanı Türkiyə Cümhuriyyəti tərəfindən təklif edilmiş və konfrans tərəfindən  3/7-ECS saylı qətnamə ilə qəbul edilmişdir.

Mərkəzin yaradılması haqqında Əsasnamə Xarici İşlər Nazirlərinin 9-cu İslam Konfransında 1978-ci ildə qəbul edilmişdir. Mərkəz öz işinə yeni təyin olunmuş baş direktor Ekmeleddin İhsanoğlu tərəfindən ilk iş proqramı və büdcə təklifinin qəbul olunmasından sonra 1980-ci ildə fəaliyyətə başladı. IRCICA-nın qərargahı İstanbulun Beşiktaşdakı tarixi Yıldız Sarayında Seyir Pavillion, Cit Qasr və Yaveran Qasr adlı üç binada yerləşir. Bu binalar Türkiyə hökuməti tərəfindən  IRCICA üçün ayrılmışdır.

Mərkəzin iş proqramları 1982-ci ilin 23 mayında  Halit Eren tərəfindən açılan mərasimdə beynəlxalq mədəni və akademik arenaya rəsmi olaraq elan edilmişdir. 1985-ci ildən etibarən elm və texnologiyanın tarixi ilə bağlı araşdırmalar aparan IRCICA  yeni bir istiqamət götürərək elm tarixi ilə bağlı bir çox simpozium və görüşlər təşkil etdi  və bu sahədə bir çox tədbirlərdə iştirak edərək  öz töhfəsini verdi. Beləliklə, bu Mərkəz elm tarixində tədqiqat sahəsi olaraq Osmanlı-türk elminin beynəlxalq birliyə çatdırılmasında əhəmiyyətli bir rol oynamaqdadır. Mərkəzin fəaliyyətini baş direktorun nəzarəti altında altı əsas şöbə həyata keçirir. Onların funksiyaları Mərkəz tərəfindən hazırlanan və Baş Assambleyanın Üçüncü Sessiyasında qəbul edilmiş Daxili Nizamnamə (1995) əsasında müəyyən edilmişdir.

IRCICA və İçərişəhər

 IRCICA ilə əməkdaşlıq “İçərişəhər” DTMQİ üçün Azərbaycanın zəngin keçmişini və maddi mədəniyyətini geniş miqyasda təqdim etmək baxımından olduqca uğurlu addım kimi qiymətləndirilə bilər. 26 noyabr 2018-ci il tarixində İslam Tarixi,İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzinin baş ofisində (IRCICA) “İçərişəhər” DTMQİ ilə IRCICA arasında əməkaşlığa dair müqavilənin təntənəli imzalanma mərasimi keçirilmişdir. Müqavilə “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Əsgər Ələkbərov və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzinin direktoru Xalid Ərən tərəfindən imzalanıb. 3 illik əməkdaşlıq çərçivəsində İslam dövlətlərinin ənənəvi incəsənəti üzrə festival və konqress, təlimlər və  seminarlar kimi bir sıra beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır. Bu razılaşmanın davamı olaraq əlaqələri daha da gücləndirmək, qarşıda duran vəzifələri aydınlaşdırmaq üçün 2 may, 2019-cu il tarixində İçərişəhərdə yerləşən “Muğam klub” adlı məkanda hər iki qurum arasında mədəni, tarixi sferalarda münasibətləri gücləndirəcək memorandum imzalanmışdır.

Sənədin məzmununun əsasını 2019-cu ilin 28 sentyabr-4 oktyabr tarixlərində ölkəmizin paytaxtında Bakı Beynəlxalq “Sənətkarlıq fəaliyyətdə” adlı festivalın keçirilməsi təşkil edir.

Konqresdə hər bir İslam ölkəsi və beynəlxalq təşkilatların nümayəndələri 14 müxtəlif mövzuda  məruzələr ilə çıxış etmişdir.

Yarışmada miniatür sənəti, ornament, qızılişləmə, metalişləmə sənəti, dulusçuluq, taxta işi, kağızdən əl işləri, stukko rəngli şüşə və batika sənəti üzrə ümumilikdə yüz sənətkar iştirak etmişdir.

Xəbərlər