Nizamnamə
İdarənin vəzifə və hüquqları
3.1. İdarə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. Qoruqlar sahəsinə aid olan proqram və inkişaf konsepsiyalarını hazırlamaq və həyata keçirmək;
3.1.2. dövlət orqanlarının Qoruqlar sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirmək;
3.1.3. Qoruqlar sahəsində nəzarəti həyata keçirmək;
3.1.3-1. Qoruqların ərazisində mədəniyyət sahəsində dövlət monitorinqini həyata keçirmək;
3.1.3-2. Qoruqların ərazisində mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən etmək;
3.1.3-3. Qoruqların ərazisində mühafizə dərəcəsi olan mədəni sərvətlərin, həmçinin tarix və mədəniyyət abidələrinin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;
3.1.3-4. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;
3.1.3-5. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;
3.1.4. Qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və ərazi üçün müəyyən olunmuş rejimin saxlanmasını təmin etmək;
3.1.5. qorunan obyektlərin daimi mühafizəsini təşkil etmək, tarix və mədəniyyət abidələrinin funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək;
3.1.6. qanuna uyğun olaraq, mühafizə məqsədi ilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün dövlət mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında qərar qəbul etmək, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlərin həyata keçirilməsinə razılıq vermək və gedişinə nəzarət etmək;
3.1.7. abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin layihələrini təsdiq etmək;
3.1.8. Qoruqların ərazisində abadlıq və yenidənqurma işlərinin aparılmasına razılıq vermək;
3.1.9. Qoruqlar sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək və Qoruqların davamlı inkişafını təmin etmək;
3.1.10. Qoruqların ərazisində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənmək, onlardan məqsədyönlü istifadə olunmasını təşkil etmək və onları qoruyub saxlamaq;
3.1.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri daxilində təmin etmək;
3.1.12. Qoruqların mühəndis-kommunikasiya sistemlərinə cavabdeh olan müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirmək, yaşayış və qeyri-yaşayış fondlarının qeydiyyatını təşkil etmək, abidələrin və tikililərin bərpa və təmirini planlaşdırmaq, təşkil etmək və bu işlərin həyata keçirilməsinə nəzarət etmək;
3.1.13. Qoruqların ərazisində yerləşən tarix və memarlıq abidələrinin və tikililərin inventarlaşmasını aparmaq, texniki pasportlaşmanı həyata keçirmək;
3.1.14. tarix və mədəniyyət abidələrindən istifadə rejiminin təmin edilməsi, abidələrin qorunması, onlardan istifadə qaydaları və Qoruqların mühafizə rejiminin pozulmasının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görmək;
3.1.15. Qoruqların ərazisində yerləşən obyektlər icarəyə verilərkən və özəlləşdirilərkən Qoruqlar üçün müəyyənləşdirilmiş rejimə riayət olunmasına nəzarət etmək, İdarənin balansına verilmiş abidələrin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə, icarəyə və istifadəyə verilməsinə razılıq vermək, qanunvericiliyə uyğun olaraq, İdarənin razılığı olmadan abidələrin istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işləri dayandırmaq;
3.1.16. Qoruqların ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;
3.1.16-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək;
3.1.16-2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirmək;
3.1.17. Qoruqların sərhədləri daxilində abidələrə hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılmasına qadağa qoymaq, bununla əlaqədar təhlükəsizlik tədbirləri müəyyənləşdirmək və tətbiq etmək, tələblər irəli sürmək və yerinə yetirildiyi halda işlərin davamına razılıq vermək;
3.1.18. Qoruqların ərazisində turizmi inkişaf etdirmək, turist marşrutlarını müəyyən etmək və bununla bağlı infrastrukturun yaradılmasını təşkil etmək;
3.1.19. Qoruqların ərazisinə aid mədəniyyət və tarix layihələrini hazırlayıb həyata keçirmək;
3.1.20. Qoruqların ərazisində biblioqrafik tədqiqatların və tarixi araşdırmaların aparılmasını təşkil etmək, ərazidə yerləşən abidələrin öyrənilməsi üçün mütəxəssislər cəlb etmək;
3.1.21. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətinin təbliğinin, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, elmi kütləvi ədəbiyyatın nəşrini, beynəlxalq və milli simpozium və seminarların keçirilməsini təşkil etmək;
3.1.22. Qoruqların ərazisində qanuna uyğun olaraq icazə verilən arxeoloji qazıntı və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda yerinə yetirilən elmi tədqiqat işlərini qeydə almaq, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət etmək;
3.1.23. aşkar edilmiş tarix və mədəniyyət abidələrinin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirmək və qorunması üçün tədbirlər görmək, onların əhəmiyyət dərəcəsi ilə bağlı və qorunma rejiminə aid təkliflər vermək;
3.1.24. Qoruqların ərazisində hüquqi maarifləndirməni, maddi və qeyri-maddi mədəni irsin qorunmasına dair məsləhətxana xidmətinin yaradılmasını təşkil etmək, dövlət mülkiyyətinə aid hüquqlar pozulduğu hallarda məhkəmədə iddia qaldırmaq, Qoruqların maraqlarını məhkəmədə təmsil etmək, Qoruqların ərazisindəki abidələrlə bağlı qanunvericiliyi pozmuş şəxslər barədə müvafiq dövlət orqanlarına məlumat vermək;
3.1.25. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruqların ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti və bu sahədə tənzimləməni həyata keçirmək, o cümlədən reklam yerləşdirilməsinə icazə vermək, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə vermək, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görmək;
Qeyd: İdarə 2017-ci il avqustun 1-dək Qoruqların ərazisində reklam yerləşdirmək üçün icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun 3 cü maddəsinə uyğun olaraq icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir.
3.1.25-1. Qoruqların mühafizə zonasında reklam qurğularının (reklamın) yerləşdirilməsinə razılıq vermək;
3.1.26. Qoruqların ərazisini idarə etmək üçün rəqəmli informasiya-kommunikasiya sistemi yaratmaq, beynəlxalq təcrübəni nəzərə almaqla, bu sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.27. İdarənin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.28. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.29. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.30. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.31. dövlət orqanları, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələri birgə həyata keçirmək;
3.1.32. bu Nizamnamədə nəzərdə tutulan hallarda əraziyə aid müvafiq hüquqmüəyyənedici sənədlər vermək;
3.1.33. İdarəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.34. İdarənin informasiya təminatını və onun təhlükəsizliyini təşkil etmək;
3.1.35. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.2.1. Qoruqlar sahəsinə aid olan hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
3.2.2. Qoruqlarla bağlı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək, fəaliyyət istiqamətləri üzrə beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsini təşkil etmək;
3.2.3. zəruri məlumatlar (sənədlər) almaq məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğular vermək;
3.2.4. Qoruqları beynəlxalq səviyyədə təmsil etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xaricdə fəaliyyət göstərən qoruqlarla təcrübə mübadiləsi aparmaq;
3.2.5. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq;
3.2.6. Qoruqların ərazisində İdarənin razılığı olmadan hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və inşaat-təmir işlərinin aparılmasına qadağa qoymaq, icrası məcburi olan göstərişlər vermək;
3.2.7. Qoruqların ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektləri qurmaq və İdarənin ehtiyaclarının ödənilməsi məqsədi ilə yeni obyektlər layihələndirmək və inşa etmək;
3.2.8. Qoruqların ərazisində bu Nizamnamənin 3.1.22-ci yarımbəndində qeyd olunan işləri aparan (yerinə yetirən) hüquqi və fiziki şəxslərdən aparılmış tədqiqat işləri barədə hesabat və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını tələb etmək;
3.2.9. Qoruqların ərazisində mühafizə və abidələrdən istifadə sahəsində pozuntu hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək və müvafiq tədbirlər görmək;
3.2.10. tarix və mədəniyyət abidələrində inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılmasını, səmərə və səviyyəsinin artırılmasını və həmin abidələrin istifadəyə uyğunlaşdırılmasını təmin etmək;
3.2.11. Qoruqların sərhədlərindən kənardakı bufer zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinə razılıq vermək;
3.2.12. Qoruqların ərazisində yerləşən abidələrin tədqiqinin və təbliğinin (audiovizual çəkilişlər aparılmasının və s.) həyata keçirilməsinə icazə vermək;
3.2.13. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.14. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.15. Qoruqların ərazisində mədəni-kütləvi tədbirlər keçirməklə, müvəqqəti və daimi xidmətlər göstərən strukturlar (obyektlər) yaratmaqla, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak etməklə və müxtəlif növ xidmətlər göstərməklə gəlir əldə etmək;
3.2.16. Qoruqların inkişafı məqsədi ilə investisiyalar cəlb etmək;
3.2.17. İdarənin balansında olan dövlət əmlakını qanunvericiliyə uyğun olaraq icarəyə vermək və ya ondan istifadə etmək;
3.2.18. işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil etmək və İdarənin fəaliyyət istiqamətlərinə uyğun təlim və inkişaf üzrə ödənişli kurs xidmətləri göstərmək;
3.2.19. vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.20. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
