“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon İdarə

Nizamnamə

İdarənin idarə olunması

4.1. İdarə öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. İdarəni İdarə Heyəti idarə edir.

4.3. İdarə Heyəti İdarəyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər iki üzvdən ibarətdir. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.5.1. İdarənin inkişaf istiqamətlərini müəyyən edir;

4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər təqdim edir;

4.5.3. İdarənin fəaliyyətinə dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

4.5.4. İdarənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır və bu layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim edir;

4.5.5. bu Nizamnamənin 3.1.33-cü yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.5.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.5.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

4.5.8. İdarənin fəaliyyətinə dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;

4.5.9. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

4.5.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

4.5.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə İdarənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.12. aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir.

4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyətinin üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında, hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.

4.7. İdarə Heyətinin sədri:

4.7.1. İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.7.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.7.5. İdarənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.7.6. icrası məcburi olan sərəncam və əmrlər verir;

4.7.7. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, İdarənin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

4.7.8. İdarənin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.7.9. İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.7.10. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində İdarənin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.11. İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

4.7.12. İdarənin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.7.13. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.8. İdarə Heyətinin üzvləri:

4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;

4.8.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyətinin üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.