Muzeylər
Qız Qalası
Dənizkənarı bulvarın yaxınlığında yerləşən Qız qalası Bakının ən qədim və ən tanınmış simvollarından biridir.
Tədqiqatçılar bu tikilinin ən qədim hissələrini eramızdan əvvəl VI–VII əsrlərə aid edirlər. Tam formalaşması və üzərində son tikinti işlərinin XII əsrdə başa çatdığı ehtimal olunur. Qala 28 metr hündürlüyə malikdir, birinci mərtəbədə diametri 16,5 metr, divar qalınlığı isə 5 metrə yaxındır. Qalanın içərisi 8 mərtəbədən ibarətdir, hər mərtəbə yonma daşlarla tikilib və günbəzlə örtülüb.
Qız qalası uzun müddət müdafiə məqsədilə istifadə olunmuş, 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamışdır. 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir.
İş saatları: hər gün, 10:00-19:00
Giriş: ödənişlidir
Ünvan: Neftçilər prospekti, 99
Şirvanşahlar Sarayı Kompleksi
Şirvanşahlar Sarayı Kompleksi - Bakının İçərişəhərində yerləşən və XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə inşa edilmiş orta əsr saray ansamblıdır. Saray, Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıdan Bakıya köçürüldükdən sonra inşa edilmiş və dövlətin siyasi və mədəni mərkəzi olmuşdur.
Saray kompleksi əsas saray binası, divanxana, şəxsi türbə, şah məscidi, saray hamamı, seyid Yəhya Bakuvi türbəsi, saray qapıları, saray quyusu və bir sıra yardımçı tikililərdən ibarətdir. Kompleks ərazisindəki binalar yerli qızılımtıl daşdan inşa olunmuş və incə daş naxışlarla bəzədilmişdir.
Şirvanşahlar Sarayı Azərbaycan memarlığının nadir nümunələrindəndir və UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin tərkib hissəsidir. 2000-ci ildən muzey-qoruq kimi fəaliyyət göstərir və ziyarətçilərə Azərbaycan orta əsr dövlətçiliyinin, sənətinin və memarlığının şah əsərlərini təqdim edir.
İş saatları: hər gün, 10:00-19:00
Giriş: ödənişlidir
Ünvan: 1-ci Qəsr döngəsi, 76
Sıratağlı dini-memarlıq kompleksi
Sıratağlı dini-memarlıq kompleksi (eyni zamanda Bazar meydanı və ya Xanəgah kompleksi kimi tanınır) — Bakının İçərişəhərində yerləşən və ölkə əhəmiyyətli tarixi-memarlıq abidəsi sayılan unikal komplekdir.
Kompleks Qız qalasının şimal tərəfində yerləşir. 1964-cü ildə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Tədqiqatlar nəticəsində maraqlı və nadir memarlıq quruluşuna malik sıratağlı ibadətgah üzə çıxarılmışdır. Abidənin tikintisində qədim dövrə xas elementlər müşahidə olunur və onun orta əsrlərdə dini və ictimai funksiyalar daşıdığı ehtimal edilir.
İş saatları: hər gün
Giriş: ödənişsiz
Ünvan: Asəf Zeynallı küçəsi, 69
Tahir Salahovun ev muzeyi
Dünya şöhrətli Azərbaycanlı rəssam Tahir Salahovun ev muzeyi 2011-ci ildən fəaliyyətdədir. Rəssamın 60-cı illərin müasirlərinin, başqa sözlə sənətdə öz sözünü demiş insanların: – Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Mstislav Rastropoviç və başqalarının obrazını əks etdirən portretləri bu muzeydə sərgilənir. Bundan başqa,Tahir Salahovun xeyli sayda qrafika, boyaqkarlıq, natyurmort, kompozisiya, eləcə də digər janrlarda yaratdığı məşhur əsərləri vardır. Muzeydə 700-dən çox eksponat nümayiş edilir.
İş saatları: həftə içi, 10:00–18:00; şənbə və bazar, 11:00–17:00 (hər ayın son bazar ertəsi – texniki səbəblərlə bağlı bağlıdır)
Giriş: ödənişlidir
Ünvan: 3-cü İlyas Əfəndiyev döngəsi, 1
Yeraltı hamam
Məşhur türk səyyahı Övliya Çələbi 1647-ci ildə 10 gün Bakıda qonaq qalmış və öz “Səyahətnamə”sində Bakı qalasındakı üç hamamdan bəhs etmiş, onların içində Mirzə xan hamamının daha xoş olduğunu qeyd etmişdir. Səyyahın bəhs etdiyi həmin Mirzə xan hamamı, bu gün Yeraltı hamam kimi tanınır.
Hamamın inşa tarixinin XVII əsrin əvvəllərinə aid olduğu ehtimal edilir. Bu, hamamın divarından götürülmüş ağac nümunəsinin Almaniyada aparılan laboratoriya analizinin nəticələri ilə də təsdiqlənmişdir. Analiz nəticəsində bu materialın 1640–1650-ci illərə aid olduğu müəyyən edilmişdir.
İş saatları: hər gün, 10:00-18:00
Giriş: ödənişlidir
Ünvan: Böyük Qala küçəsi, 50
Müqəddəs Əmanətlər Muzeyi
Bəylər məscidində yerləşən Quran muzeyi, həmçinin Müqəddəs Əmanətlər Muzeyi kimi də tanınır. Bu muzeydə islam dininin müqəddəs kitabı olan Quranın müxtəlif dövrlərə aid nümunələri, həmçinin qədim kitablar və dini əşyalar sərgilənir.
İş saatları: hər gün, 10:00-19:00
Giriş: ödənişsiz
Ünvan: İlyas Əfəndiyev küçəsi, 47
Arxeologiya Muzeyi
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna məxsus Muzey-Sərgi Zalı, Bakının tarixi mərkəzi olan İçərişəhərdə yerləşir. Bu məkan ölkənin qədim tarixini, arxeoloji və antropoloji irsini ictimaiyyətə təqdim etmək məqsədilə yaradılmışdır.
Sərgi zalında Azərbaycanın müxtəlif bölgələrində aparılmış elmi tədqiqatlar nəticəsində üzə çıxarılmış nadir tapıntılar — daş dövründən orta əsrlərə qədər olan maddi-mədəniyyət nümunələri, qədim məişət əşyaları, silahlar, bəzək əşyaları, qəbir avadanlıqları və insan qalıqları sərgilənir.
İş saatları: hər gün, 10:00–18:00 (bazar ertəsi: bağlıdır)
Giriş: ödənişsiz
Ünvan: Böyük Qala küçəsi 42, Qüllə küçəsi 19
Miniatür Sənət Muzeyi
Azərbaycan Miniatür Sənəti Muzeyi — XIV əsrə aid tarixi Molla Əhməd məscidində yerləşir. Muzey, milli miniatür sənətinin öyrənilməsi, qorunması və təbliği məqsədi daşıyır, zəngin eksponatları ilə bu sahəyə yeni inkişaf mərhələsi gətirir.
İş saatları: hər gün, 10:00–19:00
Giriş: ödənişsiz
Ünvan: Sabir küçəsi, 9
