Ölkəmizdə sürətlə inkişaf edən və böyük potensiala malik olan turizm sahəsinin inkişafına töhvəsinin verilməsi İdarənin mühüm istiqamətlərindən biridir. Son illər ərzində “İçərişəhər” və “Qala” Qoruqları ərazisində yüksək standartlara uyğun turizm infrastrukturunun, yeni muzey ekspozisiyalarının və kütləvi tədbirlərin keçirilməsi sahəsində İdarə tərəfindən çoxlu sayda işlər görülmüş, nəticədə “İçərişəhər” və “Qala” Qoruqlarını ziyarət edən turistlərin sayı dəfələrlə artmışdır.
Təbiidir ki, yerli və xarici qonaqların Azərbaycanın və Bakının tarixi, mədəni irsi ilə tanışlıq zamanı hər bir sahədə yüksək səviyyədə xidmət göstərilməsi, ölkəmiz barəsində dəqiq, yoxlanılmış məlumatların çatdırılması turistlərin xoş təəssüratla ayrılması üçün və milli mədəniyyətimizin və tariximizin dünyada təbliğ edilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
Bu önəmli işin həyata keçirilməsi üçün və qoruqlar ərazisində faəliyyət göstərən bələdçilərin işinə nəzarətin təşkili, təqdim etdikləri xidmətlərin yüksək keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçərişəhər” və “Qala” qoruqları ərazisində ekskursiya bələdçilərinin (gidlərin) akkreditasiyanın keçirilməsi prosesinə başlayır.
Akkreditasiyadan keçmək istəyən bələdçilər iyunun 20-dən etibarən aşağıdakı sənədləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim etməlidir:
-ərizə (nümunəsi İdarədən əldə oluna bilər);
-namizədin diplomu və ya hal-hazırda təhsil aldığı müəssisədən verilmiş arayış;
-akkreditasiya vərəqəsi (nümunəsi İdarədən əldə oluna bilər);
-3x4 ölçüdə 3 ədəd rəngli fotoşəkil;
-ekskursiya mətnləri və onların marşrutlarının siyahısı. Sənəd qəbulunun bitməsindən sonra müraciət etmiş şəxslər İdarənin və Azərbaycan Respublikasının Elmlər Akademiyasının mütəxəssislərindən ibarət akkreditasiya komissiyası tərəfindən keçiriləcək müsahibəyə dəvət olunacaqlar. 
Əlavə məlumat üçün müraciət edə bilərsiniz: İçərişəhər, Asəf Zeynallı küçəsi, 20; Tel. : (+99412 ) 4921175 ; E-mail: office@icherisheher.gov.az

Xəbərlər