İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Muzeylər, Arxeologiya və Tarix Kolleksiyaları üzrə Beynəlxalq Komitənin (İCMAH) illik elmi konfransı keçirilib

Oktyabrın 4-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Muzeylər, Arxeologiya və Tarix Kolleksiyaları üzrə Beynəlxalq Komitənin (İCMAH) illik elmi konfransı keçirilib. 


“Muzeylər, kolleksiyalar və sənaye irsi” adlı konfrans İCMAH, Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.


Tədbiri giriş sözü ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov açaraq İçərişəhərin mühafizəsi, bərpası, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, dünyada tanıdılması və beynəlxalq səviyyədə təbliğ edilməsi sahəsində görülmüş işlərdən danışıb. Yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda həyata keçirilmiş təmir-bərpa, abadlıq, konservasiya və restavrasiya layihələrindən bəhs edən idarə rəisi İçərişəhərdə yeni yaradılmış muzey ekspozisiyalarını xüsusi vurğulayıb. Ölkəmizdə muzey işinin inkişafı, eksponatların vəziyyəti, habelə muzeylərin dünyada gedən mədəni proseslərdə fəal iştirakı və beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlərdən söz açılıb.


Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək belə bir konfransın ölkəmizdə təşkilini yüksək qiymətləndiriblər. Bildirilib ki, üç gün davam edəcək konfransın akademik sessiyalarında dörd mövzu üzrə məruzələr dinləniləcək.


Vurğulanıb ki, sessiyalarda müxtəlif ərazilərdə aparılan tədqiqatlar sayəsində qazanılmış təcrübələrə əsasən sənaye arxeologiyalarının texnikaları, üsulları, metodologiyası və problemləri, tarixi və arxeoloji kolleksiyalarda yer alan sənaye alətlərinin və məhsullarının dizayn və ictimai əlaqə aspektləri kimi mövzular müzakirə olunacaq.
   

Konfrans çərçivəsində İçərişəhərdə ölkə əhəmiyyətli abidə olan Bakı xanlarının saray kompleksi ərazisində aşkarlanmış son orta əsrlərə aid hamamda bərpa və konservasiya işlərinin görülməsi nəzərə alınaraq bərpa olunmuş qədim abidələrin ictimai məqsədlər üçün necə istifadə olunması barədə fikir mübadiləsi aparılacaq.
   

Konfransın birinci günü müzakirələrlə davam edib.
   

Qeyd edək ki, Muzeylər, Arxeologiya və Tarix Kolleksiyaları üzrə Beynəlxalq Komitə (İCMAH) 1947-ci ildə yaradılmış Beynəlxalq Muzeylər Şurasının (İCOM) əsas komitələrindən biridir. Komitənin başlıca funksiyası bütün dünyadakı arxeoloji və tarix muzeyləri, peşəkar muzey işçiləri ilə əməkdaşlıq və qarşılıqlı ünsiyyət yaratmaqdır. Bu fəaliyyət çərçivəsində hər il keçirilən beynəlxalq konfransda muzeylərin problemli sahələrinə toxunulur və maraqlı mövzular irəli sürülür.
   

Bakıda keçirilən konfransın dörd mövzusu var: sənaye arxeologiyası; sənaye kolleksiyalarınının muzeyləri; sənaye kolleksiyaların muzeyləşməsi; muzeylər və sənaye binaları. Konfransın proqramına həmçinin işçi seminarlar daxildir.
“Muzeylər, kolleksiyalar və sənaye irsi” konfransı oktyabrın 6-da başa çatacaq.

Xəbərlər