Valkamonika Arxeoloji Kompleksinin UNESCO-nun "Dünya İrsi Siyahısı"na daxil edilməsinin 40 illik yubileyi ilə əlaqədar İtaliyada 27-ci Qayaüstü İncəsənət Simpoziumu və "PRAT-CARP" təşkilatının illik toplantısı keçirilib. Toplantıda UNESCO-nun və İtaliyanın bələdiyyə rəhbərləri, "ICOMOS" təşkilatının nümayəndələri, Fransa, İspaniya, Portuqaliya, İsveç, Finlandiya, Norveç, Rumıniya və İngiltərə ölkələrindən ekspert və alimlər iştirak ediblər.

Beynəlxalq tədbirə "İçərişəhər" Muzey Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru, "PRAT-CARP" təşkilatının Elmi-Ekspert Şurasının üzvü Məlahət Fərəcova ekspert kimi dəvət olunub, həmçinin "Azərbaycan Qayaüstü İncəsənəti Dünyası" adlı məruzə ilə çıxış edib.

Xatırladaq ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu 2016-cı ildən Avropa Şurasının nəzdində fəaliyyət göstərən "PRAT-CARP" (Prehistoric Rock Art Trails) Beynəlxalq Təşkilatının üzvü, 2018-ci ildən isə tərəfdaşı olaraq çıxış edir. "Prehistoric Rock Art Trails" Mədəni Marşrutu Beynəlxalq Təşkilatının və Avropa Şurasının "Mədəni Marşrutlar" haqqında qətnaməsini əsas tutaraq, Avropanın qayaüstü incəsənət abidələrinin birgə mədəni marşrutlarını yaratmaq, administrativ və mədəni fəaliyyətini təşviq etmək məqsədilə yaradılıb. Hazırda bu mədəni marşrutda Azərbaycan, İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya və Gürcüstandan 100-dən çox qayaüstü incəsənət abidəsi olan məkanlar təmsil olunur. 

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər