14 sentyabr tarixində “İçərişəhər” Muzey Mərkəzinin Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Azeri Home Chef” adlı növbəti silsilə ustad məşğələmizi elan edirik! Ustad məşğələ bu dəfə qutab və lavaşa həsr olunub. Lavaşın 2016-cı ildə türkdilli ölkələrin, o cümlədən Azərbaycanın irsi kimi UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi xalqımız üçün əlamətdar hadisələrdən biridir. Bu səbəbdən qərara aldıq ki, biz də bu işə öz kiçik töhfəmizi verək. İstəyirik ki, ustad məşğələdə bütün iştirakçı xanımlar lavaşın düzgün hazırlama qaydasını  öyrənib lavaş çörək bişirmə ənənəsini yaşatsınlar.

30 dəqiqəyə qutab, əriştə və düşbərə bişirilərək, “Azeri Home Chef” həvəskar kulinarlar müsabiqəsində birinci yer qazanmış Şəhla Cəbrayılova, bu dəfəki ustad məşğələnin baş ustası olacaq! Xanım iştirakçılara qutabın ət, göyərti, şor, balqabaq, şabalıd kimi bütün növlərini bişirməyi öyrədəcək. Qutab və lavaşlar ocaqda sac üstündə hazırlanacaq!


Ət qutabları Qala muzey-qoruğunda yetişdirilən, quyruğu yerə dəyən nadir cins qoyunların – Qala qoyununun ətindən bişiriləcək. Giriş 20 manatdır.
Tədbir Qala muzey-qoruğunda Etno-Evdə keçiriləcək. Sizi Şəhla Cəbrayılovadan ustad məşğələ, qutab və lavaşdan ibarət dadlı nahar, Qaladakı 19-cu əsrə aid bağ evində samovar çayı, Ipəksu suyu, VivaDesert şirniyyatları, musiqili proqram, xatirə şəkilləri, səmimi mühit, xoş ünsiyyət gözləyir. Siz tədbir çərçivəsində, həmçinin Şor Gölü sahilində olan Atçılıq mərkəzinə də baş çəkə biləcəksiniz.

 Tarix:14 sentyabr
Vaxt: 1300
Ünvan: Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu
Qoşa Qala qarşısından Qala qoruğuna gediş-dönüş nəqliyyatı – 5azn.
Əlaqə üçün: +994552309277

Xəbərlər