Konfranslar

13-26 sentyabr 2019-cu il tarixlərində “İçərişəhər” Muzey Mərkəzinin nəzdindəki Bakı Fotoqrafiya Evində bədii səyyar foto sərgi keçiriləcək.

Bakı Fotoqrafiya Evində təşkil olunacaq “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı foto sərgi Ukraynanın ölkəmizdəki səfirliyinin, eləcə də İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi baş tutacaq. Ziyarətçilər monastırın XIX, XX, XXI əsrlərə dair retrospektiv fotoları ilə yaxından tanış olmaq imkanı əldə edəcək.

İlk dəfə adı 1051-çi ilin salnaməsində xatırlanan Kiyev-Peçora böyük monastırının tarixi yüzillikləri əhatə edir. Kiyev təpələri altındakı mağaralarda monastırın əsasını qoymuş iqamətgah sakinləri tarixən öz fədakarlıqları, qəhrəmanlıqları eləcə də müasir Ukrayna sivilizasiyasının inkişafındakı xüsusi xidmətləri ilə bütün dünyada məşhurlaşmışdılar.

Sərgidə təqdim ediləcək fotolar Kiyev-Peçora monastır ansamblının əsasən memarlıq görünüşündən, onun XI əsrdən XX əsrədək müxtəlif dövrləri əhatə edən 140 milli mədəni irs abidəsindən, iki mağara kompleksini birləşdirən tarixindən məlumat verəcək.

Qeyd edək ki, 1990-cı ildə Monastır YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmişdir.

 13.09.2019-cü il tarixində saat 17:00-da baş tutacaq sərginin rəsmi açılış mərasimi yalnız  KİV mənsubları və rəsmi şəxslər üçün acıq olacaq. 

 “İçərişəhər” DTMQ İdarəsi 14-27 sentyabr tarixlərində bütün ziyarətçiləri bu səyyar foto sərgi ilə tanış olmağa dəvət edir.

 

Ünvan - İçərişəhər, Böyük Qala küçəsi 42