Noyabrın 30-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (İdarə), İdarənin nəzdindəki "İçərişəhər" Muzey Mərkəzi, "Arts Council Azerbaijan" təşkilatı, Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi və Azərbaycan Beynəlxalq Məktəbinin birgə təşkilatçılığı ilə İçərişəhərdə vandalizmlə mübarizə çərçivəsində “Nazim Məmmədov adına Animasiya parkı” adlı layihəyə start verilib.

Layihə çərçivəsində İçərişəhərin İlyas Əfəndiyev küçəsindəki parkın ərazisinə daxil olan tikililərin vandalizmə məruz qalmış – xoşagəlməz tərzdə boyanmış, cızılmış, yazılmış divarları üzərində Azərbaycan Beynəlxalq Məktəbinin şagirdləri tərəfindən muralist üslubda rəsmlər çəkilib. Bu rəsmlər 1970-1980-ci illərdə Azərbaycanda məşhur olmuş rəssam-multiplikator və multikasiya filmlərinin banisi hesab edilən Nazim Məmmədovun personajlarını əks etdirir.

Qeyd olunmalıdır ki, sözügedən park bir neçə il əvvəl İdarə tərəfindən təmir olunaraq İçərişəhərin kiçik sakinlərinin istifadəsinə verilmişdir. Lakin ötən müddət ərzində oradakı yelləncək və digər əyləncə qurğuları istismar olunmuş və öz keyfiyyətini itirmişdir. Belə ki, çox gözəl və böyük nar və şam ağacları ilə əhatələnmiş parkın ərazisi tullantılar ilə çirkləndirilmiş və buradakı tikililərin fasadı isə səliqəsiz şəkildə rəngli boyalarla yazılmışdır.

“Arts Council Azerbaijan” təşkilatı isə parkın abadlaşdırılması və Nazim Məmmədovun irsinin tanıdılması məqsədilə bu məkanın Nazim Məmmədov adına Animasiya parkı kimi istifadəyə verilməsinə dair təşəbbüslə İdarəyə müraciət etmişdir və bu təşəbbüsü yüksək qiymətləndirən İdarə vandalizmlə mübarizə çərçivəsində bu layihənin həyata keçirilməsi üçün öz dəstəyini göstərmişdir.

Nəzər çatdırılır ki, İdarə İçərişəhərdəki abidələrin, tikililərin qorunması, tarixi-mədəni irsimizin yaşadılması istiqamətində öz fəaliyyətini davam etdirəcəkdir və vandalizm faktlarına qarşı mübarizə həm sosial-mədəni sahədə, həm də hüquqi müstəvidə genişləndiriləcəkdir.

Xəbərlər Qalereyası

Xəbərlər