Elmi-texniki Şura haqqında Əsasnamə

Azərbaycan Respublikası Kabineti yanında “İçərişəhər” DTMQ
İdarəsinin 24 sentyabr 2009-cu il tarixli 
10 nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

ELMİ – TEXNİKİ ŞURA HAQQINDA ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Hazırkı Əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin (bundan sonra İdarə) Elmi-texniki şurasının (bundan sonra Şura) fəaliyyət məqsədlərini, vəzifələrini və iş qaydasını tənzimləyir.
1.2. Şura İdarənin rəisinin yanında daimi fəaliyyət göstərən, kollegial və məşvərətçi orqandır. 
1.3. Şuranın tərkibi İdarə rəisi tərəfindən təsdiq edilir.
1.4. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini və bu Əsasnaməni rəhbər tutur. 
1.5. Şura öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir.

2. Şuranın məqsədləri

2.1. Qoruq sahəsi ilə bağlı hazırlanmış normativ hüquqi aktların, dövlət proqramların və inkişaf konsepsiyaların layihələrinin elmi cəhətdən əsaslandırılması;
2.2. İçərişəhərdə elmi-texniki və innovasiya layihələrinin hazırlanması, bu sahədə elmi təşkilatların fəaliyyətinin əlaqələndirilməsi;
2.3. Tarixi-mədəni irsin mühafizəsi, təbliği və inkişafı sahələrində xarici ölkələrin qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi;
2.4. Qoruğun ərazisində aparılan arxeoloji, bədii tərtibat, abadlıq, bərpa, inşaat, təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin elmi ekspertizasının keçirilməsinin təşkili;
2.5. İçərişəhərdə yerləşən abidələrin elmi-tədqiqat işlərinin təşkili, elmi və tarixi əhəmiyyətinin təbliği.

3. Şuranın vəzifələri

3.1. Qoruğun məqsədli inkişaf proqramlarının hazırlanmasına elmi-texniki potensialı cəlb etmək, elmi-tədqiqat və layihə təşkilatlarının bu sahədəki fəaliyyətini əlaqələndirmək və vahid yanaşmanı təmin etmək;
3.2. Elmi-texniki və innovasiya siyasətinin müxtəlif aspektlərinə aid və elmi-tədqiqat və layihə təşkilatlarının iştirakını tələb edən proqramların və digər konseptual sənədlərin hazırlanmasını təmin etmək;
3.3. Mədəni irsin tədqiqi ilə məşğul olan beynəlxalq və xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq qurmaq, onların təcrübəsini öyrənmək və İçərişəhərin inkişafı konsepsiyasına uyğun olan müsbət cəhətlərin və nailiyyətlərin tətbiqi barədə təkliflər irəli sürmək;
3.4. İdarənin fəaliyyəti ilə əlaqədar qarşıya çıxan və elmi cəhətdən həllini tələb edən sosial-iqtisadi problemlərlə bağlı tövsiyələr vermək;
3.5. Qoruqda həyata keçirilən elmi-texniki, mədəniyyət və sosial-iqtisadi siyasətlə əlaqədar, o cümlədən bu sahələrdə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
3.6. Qoruq sahəsində elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqində iştirak etmək;
3.7. Perspektivli elmi-texniki və innovasiya layihələrin həyata keçirilməsi üçün yüksək texnologiyalı şirkətlərin və innovasiya strukturların cəlb edilməsi mexanizmi işləyib hazırlamaq;
3.8. Qoruq sahəsinin inkişaf perspektivləri və idarəçiliyinə aid planların müzakirəsini aparmaq, rəy və tövsiyələri bildirmək;
3.9. Qoruq ərazisini idarə etmək üçün rəqəmli informasiya-kommunikasiya sisteminin yaradılmasına köməklik göstərmək; 
3.10. Qoruğun ərazisində aparılan arxeoloji, bədii-tərtibat, abadlıq, bərpa, inşaat, təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin elmi cəhətdən düzgün hazırlanmasının ekspertizasını həyata keçirmək;
3.11. Abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğinə yönəlmiş sərgilərin, fotostendlərin, sənədli və qısametrajlı filmlərin hazırlanması, elmi-kütləvi ədəbiyyatın nəşri ilə bağlı rəy bildirmək; 
3.12. Qoruq ərazisinə aid mədəni-tarix layihələrə dair təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, rəy və təkliflərini bildirmək;
3.13. İçərişəhərin öyrənilməsi ilə bağlı elmi tədqiqatların nəticələrinin dərc edilməsi, beynəlxalq elmi dairələrdə yayılması və praktiki istifadəsi ilə bağlı təkliflər vermək; 3.14. Qoruqda yaşayan sakinlər üçün müvafiq iş yerlərinin yaradılması, yaşayış və asudə vaxtının təşkilinə aid məsələlərlə bağlı təkliflər irəli sürmək;
3.15. Elmin və mədəniyyətin inteqrasiyasına, müxtəlif səviyyəli mədəni proqramların həyata keçirilməsinə yardım göstərmək;
3.16. İçərişəhərin tarixi və mədəni irsinin tədqiqi və onun inkişafına yönəlmiş elmi araşdırmalarla məşğul olan alimlərə dəstək vermək;
3.17. Dövlət qurumlarının digər elmi-texniki şuraları ilə münasibətlər qurmaq və birgə fəaliyyət göstərmək.

4. Şuranın hüquqları

4.1. Şura qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı İdarə rəhbərliyinə təkliflər vermək;
4.2. İdarənin struktur bölmələrindən və tabeliyindəki qurumlardan, həmçinin elm və digər təşkilatlardan müvafiq qaydada lazımi materialları tələb etmək;
4.3. Elmi-tədqiqat və layihə təşkilatlarının və təhsil müəssisələri ilə əməkdaşlıq etmək, Şuranın iclaslarına onların və İdarənin nümayəndələrini dəvət etmək;
4.4. Şuranın fəaliyyət dairəsinə daxil olan elmi və ictimai həyatın məsələləri ilə bağlı təşəbbüslərlə çıxış etmək;
4.5. İçərişəhərdə həyata keçirilməsi təklif olunan layihələrin ekspertizasının aparılması üçün elmi-tədqiqat və layihə təşkilatları, həmçinin görkəmli alimləri və aparıcı mütəxəssisləri cəlb etmək;
4.6. İçərişəhərə həsr olunmuş müşavirələrin, konfransların və seminarların işində iştirak etmək.

5. Şuranın fəaliyyətinin təşkili

5.1. Şuranın tərkibi və sədri İdarənin rəisi tərəfindən təsdiq edilir.
5.2. Şuranın tərkibinə elm və təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, həmçinin icra hakimiyyəti orqanlarının nümayəndələri daxildir. 
5.3. Şura üzvünün səlahiyyət müddəti 2 il təşkil edir.
5.4. Şura üzvünün səlahiyyət müddətinə İdarənin rəisi tərəfindən aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
• Şuranın qərarı əsasında;
• Üzvün öz təşəbbüsü əsasında.
5.5. Şuranın əsas iş formaları iclaslar şəklində təşkil olunur. İclasın gündəliyi sədr tərəfindən təsdiq olunur. Şuranın iclasları, bir qayda olaraq, ildə bir dəfədən az olmayaraq Sədr tərəfindən çağırılır. Tələb olunduğu hallarda Şuranın növbədənkənar iclasları çağırıla bilər.
5.6. İclasın vaxtı və gündəliyi barədə Şura üzvləri iclasın tarixinə on gün qalmış məlumatlandırılır. 
5.7. Şura üzvlərinin yarısından çoxu iclasda iştirak etdikdə, onun iclasları səlahiyyətli sayılır. Şuranın qərarları iclasda iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilir.
5.8. Şuranın qərarları, bir qayda olaraq, rəy, təklif və müraciətlər şəklində olur və tövsiyə xarakteri daşıyır. 
5.9. Şuranın qərarları yazılı qaydada rəsmiləşdirilir və Şuranın sədri və məsul katib tərəfindən imzalanır.
5.10. Şuranın işinə sədr rəhbərlik edir. 5.11. Şuranın sədri:
• Şuranın növbəti və növbədənkənar iclaslarını çağırır, iclasın gündəliyini təsdiqləyir və iclasları aparır;
• Şura üzvlərinin və cəlb edilmiş ekspertlərin işini əlaqələndirir;
• Dövlət qurumlarında Şuranın səlahiyyətli nümayəndəsi kimi çıxış edir.
5.12. Şuranın üzvləri eyni hüquq və vəzifələri daşıyırlar.
Şuranın üzvü aşağıdakı hüquqlara malikdir:
• Şuranın iclaslarında iştirak etmək;
• Şuranın fəaliyyətinə aid məsələlərlə bağlı şifahi və ya yazılı surətdə öz fikrini bildirmək;
• Şurada baxılması üçün onun fəaliyyət istiqamətləri üzrə məsələləri təqdim etmək və müzakirəsində iştirak etmək.
Şuranın üzvü aşağıdakı vəzifələri daşıyır:
• Qanunvericiliyə və hazırkı Əsasnaməyə əməl etmək;
• Şuranın məqsəd və vəzifələrini işində rəhbər tutmaq;
• Şuranın qəbul etdiyi qərarlara riayət etmək.
5.13. Əgər Şuranın üzvü hər hansı səbəbə görə Şuranın iclaslarında iştirak edə bilmirsə, o, iclasın tarixinə 5 gün qalmış iclasın gündəliyinə daxil olan məsələlərlə bağlı öz rəyini yazılı və ya elektron formada göndərə bilər. Belə olan halda məsələnin müzakirəsi zamanı onun mövqeyi nəzərə alınır. 
5.14. Şuranın işinin elmi-metodiki və təşkilati təminatı ilə Şuranın məsul katibi məşğul olur.
5.15. Şuranın işinin maddi-texniki təminatı İdarənin Aparatı tərəfindən həyata keçirilir.

Xəbərlər