Hal-hazırda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca  yerləşən kafe və restoranların  təmiri həyata keçirilir. Bu təmir işləri əsla tikinti mahiyyəti kəsb etməyərək sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə aparılan rekonstruksiya işlərindən ibarətdir. Qeyd etməliyik ki, həmin ərazidə yerləşən ictimai iaşə obyektləri artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməmişdir. Ona görə də qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırmaq kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl getirmir. Qonaqların İçərişəhərin zahiri gözəlliyindən zövq alması, bu qaynar həyatı izləməsi üçün burada sadəcə şüşə və metaldan gözoxşayan, geniş, işıqlı terrasların qurulması mümkün ola bilər.  Əlbəttə ki, istənilən miqyasda konstruksiya işləri İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız Qoruq İdarəsi tərəfindən təsdiqləndikdən sonra həyata keçirilə bilər.

Vurğulamaq istərdik ki, İçərişəhər canlı bir orqanizmdir. Burada 3 minə yaxın insan yaşayır və həyat öz axarı ilə davam edir. Məhz bu füsunkar məkanın dünyanın bir çox tarixi şəhərlərindən başlıca fərqi də odur ki, o, ətraf mühitdən təcrid olunmamışdır, əksinə özünün coşğun həyatı ilə milyonlarla insanı özünə cəlb edir. Odur ki, onun ərazisində istər sakinlərin iş fəaliyyəti ilə məşğul olması, istərsə də xarici qonaqların istirahəti üçün ictimai iaşə obyektlərinin olması faydalı və əhəmiyyətlidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində tarixi-mədəni və əyləncə məfhumları arasında olan balansı daim nəzarətdə saxlayır və heç bir halda bu tarazlıq pozulmayacaqdır.

Əlbəttə ki, əsrlərdir İçərişəhəri üzük qaşı kimi əhatəyə alaraq qoruyan, onun sakinlərinin qürur mənbəyi olan qədim Qoşa Qala divarları vaxtaşırı olaraq müəyyən qədər təmir edilmişdir. Hal-hazırda bu işlər böyük miqyasda olmasa belə davam etdirilir. Lakin uzunluğu 500 metrdən çox olan yüksək tarixi dəyərə malik abidənin bütünlüklə bərpası qısa müddətdə mümkün deyil və bu məsələ kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Odur ki, Qoruq İdarəsi bu məsələni daim nəzarətdə saxlayaraq bərpa işlərinin mərhələli şəkildə həyata keçirilməsi istiqamətində səylərini davam etdirməkdədir.