Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.


Sadalanan bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir. Bu il isə nəinki İçərişəhər, bütövlükdə Azərbaycan tarixi üçün böyük dəyərə malik Qoşa Qala qapılarında sözügedən şirkət tərəfindən bərpa-konservasiya işləri uğurla həyata keçirilmişdir. 2019-cu ilin ortasında başlayan layihəyə əsasən  Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya edilmişdir. 


Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanmış, daha sonra isə qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilmişdir.


“İçərişəhər” DTMQ İdarəsi ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilmişdir. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməmiş, yalnız 2011-2012-ci illərdə İdarə tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilmişdir. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici qüvvələrin təsiri altında zədələnir və daşlar aşınmaya məruz qalır.


Bununla bağlı olaraq İdarə ölkə rəhbərliyinin daimi diqqəti və nəzarəti altında apardığı müxtəlif bərpa-konservasiya layihələrindən daha birini uğurla başa çatdırmış və İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirmişdir.

Qoşa Qala Qapısı - PDF

Xəbərlər