Yarandığı dövrdən başlıca amalı İçərişəhərin qorunması, onun maddi-mənəvi dəyərlərinin mühafizəsi və təbliği olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi və memarlıq abidələrinin bərpasına və təmirinə xüsusi diqqət ayırır. Vurğulamaq istərdik ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhərin bərpa və konservasiyası üzrə ərazidə aparılan işləri YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan”a  əsasən həyata keçirir. Bundan əlavə Qoruq İdarəsi bərpa və konservasiya işlərinin mükəmməl surətdə aparılması, həmçinin xarici təcrübənin öyrənilməsi məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə sıx əməkdaşlıq edir.

Bu baxımdan son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Bəylər məscidi, Cümə məscidi, Marionet teatrı, Qoşa Qala divarları, Dördbucaqlı qala və s. kimi dünya, ölkə və yerli əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri söylədiklərimizin bariz nümunəsidir. İdarənin hər il yenilənən təmir və bərpa proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Onların sırasında müstəsna dərəcədə əhəmiyyətli olan işlərə nümunə olaraq 2016-cı ildə Böyük Qala küçəsi 50 ünvanında aşkar edilmiş, XVII əsrə məxsus yeraltı hamamın konservasiyasını göstərə bilərik.

Əsrlər boyunca uzaq ölkələrdən İçərişəhərə daxil olan karvanlar Qala divarlarından keçərək burada yerləşən gömrük məntəqəsində yoxlanırdılar. Əlbəttə ki, dövrün qaydalarına uyğun olaraq şəhərin sanitar-gigiyenik baxımdan təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin girişində hamamlar tikilər və yeni gələn tacir və səyyahlar hamamda yuyunar, eləcə də mütləq olaraq yük  heyvanlarının  ayaqlarına  “qudron” – neftdən hazırlanmış  məhlul  çəkilərdi ki, bu da antiseptik maddə rolunu  oynayırdı.   

Qazıntı və müşahidələrin  ilkin nəticəsinə əsaslanaraq deməliyik ki, tədqiq olunan abidə  mürəkkəb  memarlıq quruluşuna malikdir. Yeraltı hamamın konstruktiv cəhətlərinə görə ərazidə mövcud olan hamam komplekslərinə bənzər cəhətləri var. Temperatur rejimini sabit saxlamaq üçün  yer səthindən aşağıda inşa olunmuşdur.

1806-cı ildə Bakının ruslar tərəfindən işğalından sonra hamamın fəaliyyəti dayandırılmış, günbəzləri sökülərək, otaqları təsərrüfat tullantıları ilə doldurulmuş və üzəri torpaqla örtülmüşdür. Belə ki, həmin ərazidə hərbi komendatura yerləşdirilmişdir. Analoji vəziyyət Sovet dövründə də davam etmişdir. Təəssüf ki, bu illər ərzində arxeoloji qazıntı ərazisindəki bəzi divar və hörgü qalıqlarında çatlar əmələ gəlmiş və uçmaq qorxusu yaranmışdır. 2016-cı və 2017-ci illərdə arxeoloji qazıntı işləri nəticəsində hamamın əsas hissəsi torpaqdan və təsərrüfat tullantılarından təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. 2018-ci ildə isə əsas etibarilə abidədə bərpa və konservasiya işləri aparılır. Gələcəkdə burada açıq səma altında arxeoloji muzey ekspozisiyasının fəaliyyət göstərməsi nəzərdə tutulur.

Yeraltı Hamam - PDF

Xəbərlər