Bakının əbədiyaşar siması olan İçərişəhər... Bəzən onun qarışıq dolanlarında azarkən, bəzən dünyanın dörd bir yanından gəlmiş qonaqların heyranlıqla ona tamaşa etdiyini görərkən İçərişəhərin kəşf edildikcə tükənməyən, bitməyən sərvət olduğuna əmin olursan.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan xalqının bu hüdudsuz sərvətinin qorunmasının qayğısına qalaraq yeni-yeni layihələrə start vermişdir. Uzun illər baxımsızlığa məruz qalmış, Bakı şəhərinin tarixində əhəmiyyətli mövqeyi olan Bakı Xanları Evi yaxın gələcəkdə əsaslı yenidənqurma işlərindən sonra muzeyə çevrilərək həyata qaytarılacaqdır. Müasir innovativ vasitələrin istifadə olunacğıi yeni muzey sizi Baki tarixinin klassik orta əsrlərinə aparacaqdır. Həmçinin bu sahədə aşkar olunan, XIV əsrdə tikildiyi güman edilən yeraltı hamam konservasiya edilərək ziyarətçilələrə təqdim olunacaqdır.
Təbii ki, iqamətgahı təşkil edən binaların restavrasiyası zamanı həyatyanı sahə də köklü surətdə abadlaşdırılacaq və İçərişəhər sakinlərinin və onun ziyarətçilərinin əvəzolunmaz istirahət guşəsinə çevriləcəkdir.
Ümumilikdə, Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanlarında yerləşən, tarixi XVII-XVIII esrlere aid edilen Bakı Xanları Evinin bərpası və ətrafının abadlaşdırılması işlərinin ərazisi 4500 m2 sahəni əhatə edir.
2018-ci ilin ortalarından başlanan abadlıq işləri çərçivəsində ilk öncə uzun illər məişət tullantıları ilə çirkləndirilmiş sahə təmizlənmişdir. Daha sonra əraziyə arxeoloji tədqiqat qrupu cəlb olunmuş, elmi araşdırmalar aparılmışdır. Həmin bölgədə aşkar edilən ovdan və təndirin isə konservasiya edilməsi nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, salınacaq yeni yaşıllaşdırılma zolağı Arxeoloji parkla birləşdirilərək vahid istirahət guşəsinə çevriləcəkdir. Xam torpaq üzərində müəyyən sahələrdə daş plitələr döşənəcək, qalan hissədə isə yaşıllıq salınacaq. Ərazidə bərpa işləri zamanı ağaclar daim diqqət mərkəzində olacaqdır. Artıq qeydə alınmış, Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları əkiləcək və qazon salınacaq.
Əhalinin rahatlığını təmin etmək üçün skamyalar qoyulacaq, talvar qurularaq, onun altında bir neçə köşk fəaliyyət göstərəcəkdir. Parkın bədii tərtibatı zamanı portal, asma struktur kimi dekorativ vasitələrdən, fasaddan təbii işıq almaq imkanlardan istifadə olunması planlaşdırılır.
Lakin istənilən halda bu möhtəşəm park şəffaflıq, yaşıllıq, ənənəvilik və müasirlik kimi başlıca prinsipləri özündə birləşdirərək nəinki İçərişəhər, bütün paytaxt sakinlərinin daimi ziyarət yeri olacaqdır. Tezliklə sizi bu qədim torpağın müasir məkanında salamlamaq ümidilə görüşənədək!

Xəbərlər