Yarandığı dövrdən başlıca amalı İçərişəhərin qorunması, onun maddi-mənəvi dəyərlərinin mühafizəsi və təbliği olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi və memarlıq abidələrinin bərpasına və təmirinə xüsusi diqqət ayırır. Vurğulamaq istərdik ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhərin bərpa və konservasiyası üzrə ərazidə aparılan işləri YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan”a əsasən həyata keçirir. Bundan əlavə Qoruq İdarəsi bərpa və konservasiya işlərinin mükəmməl surətdə aparılması, həmçinin xarici təcrübənin öyrənilməsi məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə sıx əməkdaşlıq edir.
Bu baxımdan son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Bəylər məscidi, Cümə məscidi, Marionet teatrı, Qoşa Qala divarları, Dördbucaqlı qala və s. kimi dünya, ölkə və yerli əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri söylədiklərimizin bariz nümunəsidir. İdarənin hər il yenilənən təmir və bərpa proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.
Onların sırasında müstəsna dərəcədə əhəmiyyətli olan işlərə nümunə olaraq Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanlarında yerləşən, inşa tarixi XVII-XVIII əsrlərə aid edilən “Bakı Xanlarının Evi” kompleksinin bərpasını göstərə bilərik.
Uzun illər baxımsızlığa məruz qalmış, Bakı şəhərinin tarixində əhəmiyyətli mövqeyi olan Bakı Xanları Evi yaxın gələcəkdə əsaslı yenidənqurma işlərindən sonra muzeyə çevrilərək həyata qaytarılacaqdır. Ümumlikdə, Bakı Xanları Evinin bərpası və ətrafının abadlaşdırılması işlərinin ərazisi 4500 m2 sahəni əhatə edir.
2018-ci ilin ortalarından başlanan abadlıq işləri çərçivəsində ilk öncə uzun illər məişət tullantıları ilə çirkləndirilmiş sahə təmizlənmişdir. Daha sonra əraziyə arxeoloji tədqiqat qrupu cəlb olunmuş, elmi araşdırmalar aparılmışdır. Həmin bölgədə aşkar edilən ovdan və təndirin isə konservasiya edilməsi nəzərdə tutulur.
Müasir innovativ vasitələrin istifadə olunacağı yeni muzey isə sizi Bakı tarixinin klassik orta əsrlərinə aparacaqdır. Kompleksə daxil olan 1 və 2 saylı binalar yeni yaradılacaq muzeyin əsasını təşkil edəcəkdir. Burada geniş sərgi zalının və səciyyəvi orta əsr karvansarayı nümunəsinin yaradılması planlaşdırılır. Sərgi zalında interaktiv panellər vasitəsilə qonaqlar tarixi və mədəni məlumatlar ilə tanış ola biləcəklər. Karvansary isə ziyarətçiləri səsli-küylü, rəngarəng orta əsrlərə apararaq onu fərqli mədəniyyətlər ilə tanış edəcək.
Muzeyin əlamətdar xüsusiyyətlərindən biri Bakı tarixinin qısa metrajlı bədii film vasitəsi ilə bütün təfərrüatı ilə canlanması olacaq. Klassik orta əsrlərdə tarix, din, ticarət, mətbəx, məişət həyatı və ictimai həyatın al-əlvən cizgiləri xüsusi otaqlarda tamaşaçalara təqdim olunacaqdır. Beləliklə, hər bir otağın təyinatı filmin ssenarisinə uyğunlaşdırılaraq innovativ üsulların sayəsində zamana səyahət hissini yaşadacaqdır.
Qonaqların ölkəmizdən xoş xatirələrlə ayrılması, vətənlərinə yadigar olaraq Azərbaycanı xatırladan məhsul aparması üçün zəngin bir mağazanın da təşkili nəzərdə tutulmuşdur.
Təbii ki, iqamətgahı təşkil edən binaların restavrasiyası zamanı həyatyanı sahə də köklü surətdə abadlaşdırılacaq və İçərişəhər sakinlərinin və onun ziyarətçilərinin əvəzolunmaz istirahət guşəsinə çevriləcəkdir.