Qala Dövlət Tarixi-etnoqrafik Qoruğunda Vətən müharibəsi şəhidi İbrahimov Ədalət Tanrıverdi oğlunun barelyefi açılıb.
26 İyun-Silahlı Qüvvələr Günü ərəfəsində şəhidimizin vaxtilə yaşadığı Qala Qoruğundakı evinin divarında barelyefi vurulub.
Mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP rayon təşkilatının sədri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ağsaqqallar, yerli ictimaiyyət və şəhid anası iştirak etmişdilər.
İbrahimov Ədalət Tanrıverdi oğlu 20 aprel 1973-cü ildə Ermənistanın Krasnıy Selo rayonunun Ardanış kəndində anadan olub. O 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 20 aprel 1994-cü ildə Ağdam rayonu Güllücə kəndinin müdafiəsi zamanı şəhid olmuşdur.