2021-ci il ərzində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bir çox əhəmiyyətli sosial yönümlü kütləvi tədbirlər və layihələr həyata keçirilmişdir.
Bunların arasında ənənəvi İstedArt xeyriyyə layihəsinin davamı olan yeni mövsümünün başlanmasını qeyd etmək olar. Layihədə ötən illərdə olduğu kimi müxtəlif internat məktəbləri, sağlamlıq imkanlari məhdud və daun sindromundan əziyyət çəkən onlarla uşaqlar iştirak edirlər. Uşaqlar İdarənin təşkilatçılığı ilə rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə 9 ay ərzində dərs alacaqlar. Bu kimi layihənin təşkilində məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub saxlanması ilə yanaşı əqli zəifliyi olan uşaqları incəsənət növlərimiz ilə tanış etmək, onları ruhlandırmaq, gələcək həyat yolunda peşə seçimində yardımdan ibarətdir. 2021-ci ilin son günlərində yeni mövsümün iştirakçılarına İdarə tərəfindən bayram hədiyyələri təqdim edilmişdir.
Təbiidir ki, İdarə II Qarabağ müharibəsinin iştirakçıları və onların ailələrini diqqətsiz qoya bilməzdir. Bu çərçivədə 2021-ci il ərzində 9 Vətən müharibəsi iştirakçısı İdarə tərəfindən müxtəlif qurumlarında işlə təmin edilmişdir.
Bununla yanaşı, İçərişəhərin və ölkəmizin fəxri olan qəhrəman sakini və Vətən müharibəsinin şəhidi Əliyev Fərid Pirəli oğlunun ailəsi yaşadığı ev İdarənin təşəbbüsü ilə fərdi mənbələrdən cəlb edilən maliyyə vəsaiti hesabına tam təmir edilmişdir.
Bununla yanaşı, 2021-ci il İdarə tərəfindən İçərişəhər ərazisində abidələri və Qala divarlarını uzun illər yolverilməz eybəcər rəsmlərlə korlayan vandallara qarşı mübarizəyə başlanılmışdır. Sentyabr ayında bu məqsədlə İdarənin əməkdaşlarının, Qoruq sakinlərinin və ictimayi xadimlərin qoşulduğu iməciliyin keçirilməsi buna böyük bir təkan vermişdir. Nəticədə bir çox abidələr və divarlar təmizlənib yenidən səliqəli hala gətirilmişdir.