Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar


Mayın 30-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və İsrail Dövlətinin birinci
xanımı Mixal Hersoq Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar.


Ziyarət zamanı kompleks və Qala kəndinin qədim tarixi barədə məlumat verilib.
Bildirilib ki, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda abidələrin qorunması və qoruğun daha da
zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksinin ərazisində ölkəmizə, xüsusilə
də Qala kəndinə və Abşeron yarımadasına xas arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub.
Muzey kompleksində qədim yaşayış məskənləri, kurqanlar, digər memarlıq abidələri ilkin görkəmində
olduğu kimi nümayiş etdirilir. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala
Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim evlər və məişətdə istifadə olunan əşyalar daha çox
diqqət çəkir.


Qonağa Azərbaycanın ənənəvi sənət növləri olan dulusçuluq, dəmirçilik, xalçaçılıq və ipəkçilik barədə də
məlumat verilib. Diqqətə çatdırılıb ki, keçmişdə Qala kəndində bir sıra sənət sahələri inkişaf edib. Bu
ərazidə arxeoloji qazıntılar zamanı aşkar edilən saxsı məmulatlar da bədii cəhətdən çox maraqlıdır.
Kompleksdəki toy evi diqqəti xüsusilə cəlb edib. Xalça və döşəklərlə bəzədilmiş bu geniş otağın hər iki
tərəfində qapının olması evin havasının təmizliyinə və sərinliyinə imkan yaradır.
Muzey kompleksindəki tacir evi haqqında məlumat verilərkən bildirilib ki, bu ev kəndin ilk ikimərtəbəli
evlərindən biridir.


“Tullantıdan sənətə” muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, bu mədəniyyət ocağı 2015-ci ildə
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən yaradılıb. Burada
nümayiş olunan əsərlər insanların lazımsız hesab etdikləri tullantılardan hazırlanıb. Muzeydə müxtəlif
ölkələrdən Azərbaycana dəvət olunmuş sənətkarlar tərəfindən tullantılardan yaradılmış əsərlər
sərgilənir.


Komplekslə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İsrailin birinci xanımı
Mixal Hersoq çay süfrəsi arxasında söhbət etdilər.

Xəbərlər Qalereyası

Xəbərlər