“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Daşların harayı” adlı tədbir keçirib.

İdarənin rəhbərliyi və əməkdaşlarının, İçərişəhər Ağsaqqallar Şurasının üzvlərinin, “Qoru” Gənclər Təşəbbüs Qrupunun könüllülərinin iştirak etdiyi tədbirdə öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvanşahlar Sarayı Kompleksində təşkil edilmiş tədbirdə çıxış edən “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə tədbirin tarixi məkanda keçirilməsinin təsadüfi olmadığını, Sarayın bu qanlı hadisələrə “şahidlik” etməsini, onun divarlarının bu günə kimi qanlı tarixin izlərini saxladığını vurğulayıb. İdarə sədri 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı cinayətlərdən biri olduğunu və soyqırımından 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyini və 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini qeyd edib.

Daha sonra çıxış edən “İçərişəhər” Muzey Mərkəzinin elmi katibi Səadət Ələkbərova soyqırımı tarixindən danışaraq həmin faciədə İçərişəhər əhalisinin yaşadığı fəlakətlərin tarixi araşdırmalarından bəhs edib, daşnak-bolşevik silahlı dəstələrinin hücumu zamanı həmçinin İçərişəhərin tarixi abidələrinə qarşı törədilən dağıntılar barədə məlumatlar verib.

Tədbirdə iştirak edən İçərişəhər sakini Mələk Hacıyeva həmin döyüşlərin iştirakçısı olan babasına türk sərkərdəsi Nuru Paşa tərəfindən hədiyyə edilmiş və bu günə kimi yadigar qalan məğlubedilməzlik rəmzi - qəməni iştirakçılara nümayiş edərək xatirə haqqında maraqlı məlumatlarla çıxış edib.

Xəbərlər Qalereyası

Xəbərlər