14-15 fevral 2022-ci il tarixlərində ölkəmizdə rəsmi səfərdə olan Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) İdarə Heyətinin üzvləri və İcraçı direktoru “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov ilə görüşmüşdür.
14 fevral 2022-ci il tarixində baş tutan görüş zamanı Ə.Ələkbərov qonaqlara İçərişəhərdə son illər ərzində görülən işlər, o cümlədən muzeylərin maddi-texniki bazasının inkişaf etdirilməsi və yaxın vaxtlarda açılışı planlaşdırılan Bakı Xan Sarayı Muzeyi haqqında məlumat vermişdir. O, NEMO-nun rəhbər heyətinə İdarə Heyətinin iclası üçün İçərişəhərin ev sahibi kimi seçilməsinə görə təşəkkür etmiş və hər iki qurum arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etmişdir. Daha sonra NEMO-nun İcraçı direktoru xanım Yulia Pagel İçərişəhərə yüksək qonaqpərvərliyə və İdarə Heyətinin iclasına ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirmişdir. NEMO rəhbərliyi Qoruq İdarəsinin təşkilatın ən aktiv üzvlərdən biri kimi muzey işinin təşkili sahəsində əldə etdiyi uğurların yüksək qiymətləndirildiyini vurğulamışdır.
Daha sonra NEMO təşkilatı ilə gələcək birgə fəaliyyətlər, aktual mövzularda təlimlərin keçirilməsi məsələləri müzakirə edilmişdir.
Qeyd edək ki, NEMO İdarə Heyətinin İçərişəhərə səfəri çərçivəsində 14 fevral tarixində İdarə Heyətinin üzvləri tərəfindən İçərişəhər və Bakıda fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün master-klas keçirilmişdi.

Xəbərlər Qalereyası

Xəbərlər