Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamından irəli gələn tapşırıq və vəzifələrə əsasən 07 dekabr 2021-ci il tarixində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş yekun ümumrespublika elmi-praktik konfrans keçirildi.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi Konfrans çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilati dəstəyi ilə işıq üzü görmüş respublikamızın tanınmış Nizamişünas alimləri və klassik Azərbaycan, eləcə də rus tədqiqatçılarının elmi araşdırmalarının toplandığı “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitabının təqdimatı oldu.

Tədbirdə “İçərişəhər” DTMQİ-nin Aparat rəhbəri cənab Read Qasımov salamlama nitqi ilə çıxış edib. Bildirib ki, 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bütün il boyu eyni xarakterli layihələr reallaşdırılmış və nəticədə “Bir əsrlik Nəsimi araşdırmaları” adlı elmi məqalələr toplusu nəşr olunmuşdur. İnanırıq ki, “Nizami Gəncəvi İli”nin sonunda ərsəyə gələn “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı araşdırmalar toplusu da elm və sənət tariximiz üçün çox faydalı olacaq.

Kitabın elmi redaktoru, akademik Rafael Hüseynov, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıb.

Xalq yazıçısı Anar qeyd edib ki, böyük şairə həsr olunan hər bir tədbir Nizami bayramıdır: “Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Konfransda akademik Nizami Cəfərov, professorlar Vilayət Quliyev, Rəhilə Qeybullayeva, Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova, professor Zümrüd Dadaşzadə və başqaları Nizami yaradıcılığı haqqında danışaraq kitab barədə fikirlərini bölüşüblər.

Xəbərlər Qalereyası

Xəbərlər