10 noyabr tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Dünya İrs Şəhərləri Təşkilatının (#OWHC) keçirdiyi Beynəlxalq Video Müsabiqədə 18-21 yaş kateqoriyasında birinci yerin qalibi olan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurcan Daşdəmirovaya sertifikatın təqdim olunması mərasimi keçirilmişdir. İdarənin təşkilati və əlaqələndirmə dəstəyi ilə Nurcan Daşdəmirova bu müsabiqəyə “İçərişəhər Pandemiya dövründə” adlı videoçarx ilə qatılmışdır.
Qalibə sertifikatı təqdim edən “İçərişəhər” DTMQİ-nin Aparat rəhbəri Read Qasımov onu təbrik edərək İçərişəhərin bir dünya irsi kimi təbliğində gənclərin rolunun əhəmiyyətli olduğunu bildirmiş, eləcə də belə beynəlxalq müsabiqələrin ölkəmizin və mədəniyyətimizin qlobal miqyasda təbliği üçün əhəmiyyət kəsb etdiyiniz bildirmişdir.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin üzvləri Laval Universitetinin nümayəndəsi Charles Moumouni, #UNESCO Dünya İrsi Mərkəzinin direktorunun müşaviri Michael Turner, Kvebek Şəhər Komitəsinin üzvü Alicia Despins və OWHC-nin müvəqqəti baş katibi Lee Minaidis olmuşdur. Müsabiqəyə ümumilikdə 23 video təqdim edilmişdir. Münsiflər heyəti qiymətləndirməni videoların keyfiyyəti, işlənməsi və orijinallığı meyarları əsasında müəyyən etmişdir.
“İçərişəhər” DTMQİ 2016-cı ildən OWHC təşkilatının üzvüdür. Ötən müddət ərzində təşkilat ilə İdarə arasında əməkdaşlıq daha da inkişaf etmiş, İdarə təşkilatın həyata keçirdiyi bir sıra beynəlxalq layihələrdə uğurla inkişaf etmişdir. Qoruq İdarəsi 2018-ci ildə OWHC- nin Direktorlar Şurasının iclasına ev sahibliyi etmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər