Uzun illər erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi.

Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, igid oğullarımızın yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır...
Ölkəmizin hər bir yerində: dövlət qurumlarında, rayon, kənd, qəsəbə və hətta evlərində bu gün torpaqlarımız uğrunda canından keçən Vətən igidlərinin “Şəhadət günü”, “Anım günü” kimi qeyd olunur. Öz tarixi əhəmiyyəti ilə, gözəlliyi və fərqliliyi ilə seçilən İçərişəhər bundan sonra həm də şəhid qəhrəmanı ilə xatırlanacaq. Şəhid qəhrəman Əliyev Fərid Pirəli oğlu adı ilə!
Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və əməkdaşları 2020-ci ilin noyabrın 5-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşmuş əzizimiz Fəridin məzarını ziyarət edib, önünə tər çiçəklər, əklil qoyublar. Qəhrəmanımızın məzarı önündə ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Ruhları qarşısında baş əyirik!

Xəbərlər Qalereyası

Xəbərlər