Bütün Azərbaycan xalqının möhtəşəm Qələbənin – Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxladığı torpaqların azad edilməsinin qeyd olunması şəraitində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən yeni tarixi kitab hazırlanmışdır və oxucuların diqqətinə təqdim edilir. Bu da təsadüfi deyil. Acı da olsa qeyd etməliyik ki, Azərbaycan tarixinin, coğrafiyasının, etnoqrafiyasının, folklorunun mənimsənilməsi və ya saxtalaşdırılmasının başlıca səbəblərindən biri tərəfimizdən öz mədəni dəyərlərimizi müxtəlif obyektiv və subyektiv səbəblərdən vaxtında tədqiq və təbliğ etməməyimiz olub. Yalnız Azərbaycan müstəqillik qazanandan sonra öz tarixi və mədəni irsini olduğu kimi öyrənməyə və tanıtmağa başlamışdır. Son illər ərzində başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla respublika rəhbərliyinin xüsusi qayğısı və diqqəti nəticəsində bu sahədə xüsusilə böyük nailiyyətlər əldə olunmuşdur.

“Şirvanşahlar dövlətinin abidələri” layihəsi çərçivəsində hazırlanmış yeni kitab Azərbaycanın ən sirli abidələrindən birinə - Səbayıl qalasına həsr olunub (Əhmədov S. “Səbayıl”. Bakı, 2020, 175 s.).

Kitabın müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov oxuculara Azərbaycan tarixinin müxtəlif səhifələrinə həsr olunmuş kitabları ilə tanışdır. Yeni kitabın İçərişəhər Muzey Mərkəzinin təşəbbüsü ilə Səbayıl qalasına həsr olunması təsadüfi deyil. Belə ki, yaranma məqsədi və təyinatı haqqında müxtəlif fikirlər söylənilən abidələr sırasında xüsusi yeri “Səbayıl qalası” tutur. “Bayıl qəsri” “Şəhri-yunan”, “Batmış şəhər” kimi müxtəlif adlarla tanınan bu abidə nadir abidəmizidir ki, onu bəzəyən daş frizli lövhələr demək olar ki, bütünlüklə (700-ə yaxın!) kompleks şəkildə saxlanılmış, respublikadan kənara aparılmamışdır. Bakı buxtasında, sal qayalıq üzərində inşa edilmiş bu abidə Xəzər dənizinin səviyyəsinin artıb – azalmasından asılı olaraq, gah suyun üzərinə çıxır, gah da kı, sulara qərq olur.

Maraqlıdır ki, Bayıl qəsri ilə bağlı çoxsaylı yazılar olsa da, indiyədək ona həsr edilmiş kompleks elmi-tədqiqat işi yoxdur. Bunun səbəbi ilk növbədə mənbə və ədəbiyyatın müxtəlif xarakterli olması ilə bağlıdır. İlk dəfə olaraq Səbuhi Əhmədov bu məsuliyyətli işin həllinə çalışmış, oxucuya təqdim etdiyi kitabı yazarkən geoloji, arxeoloji, tarixi ədəbiyyata, memarlıq, sənətşünaslıq xarakterli əsərlərə müraciət etmiş, onları kompleks şəkildə təhlil etmişdir. Məhz bütün materialları toplayaraq o, qəsrin tarixi, inşa xüsusiyyətləri, təyinatı, suda batıb- üzə çıxması dövrləri, onun tədqiqi tarixi ilə bağlı suallara ətraflı cavab verməyə çalışmışdır.

Beş fəsildən ibarət olan kitab xronoloji ardıcıllıq prinsipi ilə qurulub. Nəticədə oxucu Bakı buxtasında və Səbayıl adasında baş vermiş hadisələri, ən qədim dövrlərdən XXI əsrin əvvəllərinədək burada baş vermiş prosesləri sanki öz gözləri ilə görür. Adadakı qala ilə bağlı bütün fərziyyələri araşdıran, onların üstün və zəif cəhətlərini göstərən müəllif oxucunu Azərbaycan tarixinin bu sirli abidəsi ilə baqlı öz mövqeyini formalaşdırmağa çağırır.

Kitabın əhəmiyyəti, həmçinin, onun foto və illüstrasiyaları ilə bağlıdır. Müəllif qəsrlə bağlı çoxlu sayda xəritə, sxem, rəsm, fotoşəkillər vermişdir ki, onlar qəsrin tarixini, bədii-memarlıq xüsusiyyətlərini əyani olaraq nümayiş etdirir.

Oxuculara təqdim edilən bu kitab, Bakı buxtasında yüzilliklərdən bəri özünəməxsus yeri olan, müəmmalı abidə - Bayıl qəsri ilə bağlı bir çox sirləri açmağa kömək edəcək, həm öz oxucularımız, həm də xarici turistlər, tədqiqatçılar və geniş oxucu kütləsinə maraqlı olacaqdır.

Xəbərlər Qalereyası

Xəbərlər