"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova "Kəlağayı sənəti" və "Şirvanşahlar irsi dünya muzeylərində" adlı kitabların müəllifliyinə görə 2020-ci il "Humay" Milli Mükafatının laureatı elan edilib.

Əminə Məlikovanın müəllifi olduğu və yüksək mükafata layiq görülmüş, "Kəlağayı sənəti" adlı kitab Azərbaycan xalqının zəngin mədəniyyəti, yüksək milli-mənəvi dəyərləri, əsrarəngiz mədəni irsinin təkrarolunmaz tətbiqi sənət nümunələrindən olan və 2014-cü ildən UNESCO-nun Qeyri-Maddi mədəni irsin Reprezentativ siyahısına salınmış kəlağayıdan bəhs edir.

Müəllifin mükafata layiq görülən "Şirvanşahlar irsi dünya muzeylərində" adlı digər kitabında təxminən on əsr mövcud olmuş İslam dünyasının ən uzun ömürlü dövləti, Azərbaycan xalqının həm dövlətçilik, həm mədəniyyət həm də incəsənət tarixində özünəməxsus yeri olan Şirvanşahlar dövləti və onun zəngin mədəni irsindən bəhs olunur. Kitab Şirvanşahlar dövrünün mədəniyyəti, maddi-mədəni irs nümunələri və Azərbaycana məxsus eksponatların hal-hazırda saxlanıldığı muzeylər haqqında məlumatları əldə etmək üçün vacib mənbə hesab olunur.

Qeyd edək ki, 1993-cü ildə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis edilən bu mükafat, əsasən musiqi, kino, teatr, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm və s. nominisiyalar üzrə təyin olunur.

Xəbərlər Qalereyası

Xəbərlər