Orta əsrlərdə ticarət yollarının böyük bir hissəsi Azərbaycandan keçdiyindən, burada karvansaraların tikilməsi zəruri sayılırdı. Ölkəmizdəki maddi mədəniyyət nümunələri sırasına daxil olan karvansaralara nəzər salsaq görərik ki, onların ən nadir və tarixi incilərindən hesab olunanları paytaxt Bakının ən qədim yaşayış məntəqəsi İçərişəhərdə qorunub saxlanmaqdadır.

İçərişəhərdəki Xan karvansarası (o eyni zamanda Kiçik karvansara kimi də tanınır) XV əsrin sonu-XVI əsrin əvvəllərində tikilib. O, kvadrat şəklində inşa edilib və detalları İçərişəhərdəki digər karvansaralar ilə eynilik təşkil edir. Karvansaranın şimal və cənub girişləri portal formasındadır. Əsas giriş portalı orta əsrlərdə dəniz tərəfdən olmuşdur. Cənub tərəfdən karvansaranın fasadı ikimərtəbəli olub, möhtəşəm istehkam görüntüsünə malikdir. Orta əsrlərdə karvansara ticarət küçəsi tərəfdən, həyətlə birbaşa əlaqəsi olmayan dükanlarla əhatə olunub. Ehtimal olunur ki, bu tikili karvansara kimi fəaliyyət göstərməmişdən öncə Came məscidinin mədrəsəsi və onun həyətindəki hücrələrdən ibarət olmuşdur.

Xatırladaq ki, bu ölkə əhəmiyyətli tarixi-memarlıq abidəsində 2010-cu ildə "Master Plan" çərçivəsində əsaslı şəkildə bərpa-konservasiya işləri aparılmış və əvvəlki möhtəşəm görünüşünə qaytarılmışdır.

Xəbərlər Qalereyası

Xəbərlər