"İçərişəhər" DTMQ İdarəsi ictimaiyyətin nəzərinə çatdırır ki, 15 noyabr səhər saatlarında İçərişəhərin Qala divarlarının "Qubernator" Bağı istiqamətindəki hissəsində bir neçə divar daşlarının tökülməsi müşahidə edilmişdir.

Divarın qeyd olunan hissəsində yaranan problemlərin səbəbi daşın uzun illərlə ölçülən yaşı, ötən əsrin ortalarında həyata keçirilən bərpa zamanı istifadə olunan materialların keyfiyyəti, habelə iqlim faktorları və uzun müddət restavrasiya edilmədən atmosfer yağıntılarına məruz qalmasıdır.

Qeyd edək ki, İçərişəhərin Qala divarının 900 metr uzunluqda olduğunu nəzərə alaraüəq uzun illər bərpa-restavrasiya edilməyən və illərcə atmosfer yağıntılar və klimatik təsirə məruz qalan bu abidənin mərhələli şəkildə bərpa-restavrasiyasına başlanılmışdır. Təbii ki, İdarə tərəfindən bu işlər müvafiq plan üzrə həyata keçiriləcəkdir. Plana əsasən, İdarə qarşıdakı bir neçə il ərzində İçərişəhərin bütün Qala divarları boyunca restavrasiya prosesini həyata keçirməyi planlaşdırır. Belə ki, 2019-cu ildə Qoşa Qala Qapısının portalı və ona bitişik Qala divarının bir hissəsi uğurla restavrasiya edilmişdir.

Hazırda Qala divarının bu gün yaranmış problemi üzrə bərpa işlərinə başlamaq üçün İdarə tərəfindən xüsusi işçi qrup yaradılıb ki, həmin qrupa İdarənin əməkdaşları ilə yanaşı bu sahədə çalışan təcrübəli ekspertlər cəlb edilmişdir.

"İçərişəhər" DTMQ İdarəsi qeyd edir ki, hər zaman olduğu kimi milli tariximizin və mədəniyyətimizin nadir incisi olan qədim İçərişəhərin qorunması və saxlanması üçün bütün lazımi tədbirlər görəcəkdir.

Xəbərlər