1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzi muzeyləri və tarixi abidələri ziyarət etmək imkanı olmayan uşaqlar üçün virtual tur təşkil edəcək.

1 iyun 2020-ci il saat 14:00-da "Ümid yeri" Uşaq Sığınacağının sakinlərinə Bakımızın incisi olan "Qız Qalası" olduqca maraqlı turla, virtual olaraq nümayiş olunacaq.

1997-ci ildə təsis olunmuş sığınacaqda xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş 18 yaşadək şəxslər məskunlaşıb. Sığınacaqda qaldıqları müddətdə onlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, uşaqların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına dəstək göstərilir.

Tədbirdə uşaqlar "World Heritage 3D Scanning" proqramı vasitəsilə Qız Qalasına ilk dəfə virtual səyahət edərək, bütün mərtəbələri asanlıqla gəzəcək və abidə haqqında ətraflı məlumatlar əldə edəcəklər. Daha sonra uşaqlar üçün "İçərişəhər" Muzey Mərkəzinin əməkdaşı tərəfindən İçərişəhərin digər abidələri haqqında canlı məruzə-ekskursiya təşkil olunacaq.

Qeyd edək ki, "World Heritage 3D Scanning" proqramı vasitəsilə İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi "İçərişəhər" Muzey Mərkəzinin təşəbbüsü və Almaniyanın "EKМ Global Consulting GmbH" və "3D Scanning Project" şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilmişdir.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin Məlumatı

Xəbərlər