Qədim şəhərin dörd məscidindən biri, XIX əsrə aid tarixi memarlıq abidəsi Bəylər məscidi digər abidələrdən özünəməxsusluğu ilə seçilir. Bu unikal abidə Avropa və Şərq mədəniyyətinin qarışığıdır. Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı qazanan Bəylər məscidi 1895-ci ildə inşa olunub. Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan bu sənət incisi içərişəhər ərazisində tikilən sonuncu məsciddir və zalın böyüklüyü, tikinti və quruluşuna görə digər dini abidələrdən fərqlənir. Onun inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsipləri birləşdirilib.

2014-2015-cı illərdə Bəylər məscidində "İçərişəhər" DTMQİ tərəfindən Avstriyanın məşhur bərpaçı eksperti Erix Pummer cəlb edilməklə bərpa və konservasiya işləri aparılıb. Məscidin bərpasında "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzi iştirak edərək, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəyib. Nəticədə muzey kimi istifadəyə verilən məsciddə "Müqəddəs əmanətlər" ekspozisiyası yaradılıb. Ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid Quran-i Kərim kitabları nümayiş etdirilir.

Hazırda məsciddə yeni, "3D scan" texnologiyası tətbiq edilib. "İçərişəhər" Muzey Mərkəzinin və Ultraviolet.az şirkətinin birgə layihəsi əsasında məscidin vizual görünüşü üçün bütün lazımi obyektlərin məlumatları ziyarətçilərə HD formatında təqdim olunur.

3D modellə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://my.matterport.com/show/?m=8tYVLKRXnQn

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər