3 mart tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində geniş mətbuat konfransı keçirilib. Konfransda İdarənin Aparat rəhbəri Read Qasımov İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə məlumat verib.

Aparat rəhbəri vurğulayıb ki, 20 illiyin qeyd olunması ilə əlaqədar həm ölkə daxilində, həm də ölkə xaricində İçərişəhərin tanıdılması ilə bağlı geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

"Bu ilin fevralın 27-də Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Xarici İşlər nazirlikləri ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunmasına dair tədbirlər planını işləyib hazırlamaq tapşırılıb. Bununla əlaqədar bu il üçün tədbirlər planımız var. Həm ölkədə, həm də xaricdə sərgilərin, konsertlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur".

O bildirib ki, aprel ayında xarici mütəxəssislərin iştirakı ilə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyininə həsr olunan konfrans keçiriləcək:

"Bununla yanaşı, xarici muzeylərlə işlərimizi davam etdirəcəyik. Aprel ayında İstanbuldan Ağqoyunlu dövlətinə aid 17 eksponat gətiriləcək və ilin sonunadək sərgilənəcək. Bu ilin iyun ayında Parisdə UNESCO-nun mənzil-qərargahında İçərişəhərə aid sərgi, "Dastan" brendi nümayiş olunacaq, habelə, milli musiqi konserti təşkil ediləcək. Bu tipli tədbirlər Britaniya, İtaliya və Belçikada da keçiriləcək. Həmçinin İçərişəhərdə yay aylarında mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub".

Bundan əlavə aparat rəhbəri qeyd edib ki, İdarə tərəfindən abidələrin bərpası və restavrasiyası istiqamətində böyük işlər görülüb:

"Hazırda Bakı Xanlar Evinin bərpa və restavrasiyası və ona yaxın ərazidə yeni parkın salınması prosesi gedir, yaxın zamanlarda park başa çatdırılaraq insanların istifadəsinə veriləcək".

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası