27 fevral 2020-ci il tarixində Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

Sərəncamda 2020-ci ildə Azərbaycan xalqının milli sərvəti İçərişəhərin Şirvanşahlar sarayı kompleksi və Qız qalasının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinın tamam olması bildirilir. Qeyd olunub ki,  İçərişəhər çoxəsrlik mədəniyyətimizin rəmzlərindəndir. Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkandakı Qız qalası, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir.

Sərəncamda bilridilir ki, hər bir azərbaycanlının qəlbində qürur hissi doğuran bu “muzey-şəhər” ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəsidir. Ötən müddət ərzində İçərişəhərdə vahid idarəetmə sistemi yaradılmış, buradakı dünya, ölkə və yerli əhəmiyyətli abidələrdə, özünəməxsus tarix-memarlıq görkəmi qorunmaqla, konservasiya və restavrasiya, bərpa və abadlıq layihələri həyata keçirilmişdir. Qoruğun mədəni turizm potensialının artırılması məqsədilə onun mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi istiqamətində çoxsaylı tədbirlər görülmüş, yeni muzey ekspozisiyaları açılmış, ənənəvi incəsənət və sənətkarlığın inkişafı dəstəklənmişdir.

Sərəncama əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planını işləyib hazırlamaq tapşırılmışdır.

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətınin məlumatı

 

Xəbərlər Qalereyası

Xəbərlər