Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilin 20-22 fevral tarixlərində İtaliya Respublikasına dövlət səfəri çərçivəsində Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşüb. Görüşdən sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Roma şəhər meriyası arasında əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.

Bəyannamənin imzalanmasında məqsəd YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan çoxsaylı tarix və mədəniyyət abidələrinin olduğu hər iki tarixi şəhər arasında əməkdaşlıq münasibətlərinin yaradılması, abidələrin mühafizəsi və konservasiyası sahəsində birgə fəaliyyətlərin və təcrübə mübadilələrinin həyata keçirilməsidir.

Qeyd edək ki, bu İdarə tərəfindən imzalanmış ilk belə sənəddir və hazırda dünyanın bir neçə qədim tarixi və mədəni irsə malik şəhərləri ilə əməkdaşlıq barədə sənədlərin imzalanması barədə danışıqlar aparılır. Bu da İçərişəhərin, habelə milli-mədəni irsimizin dünyada daha da geniş təbliğinə geniş imkanlar yaradır.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər