Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. "İçərişəhər" DTMQİ hər il bir qayda olaraq bu günü dərin hüznlə qeyd edir.

Tərtib olunmuş proqrama əsasən “İçərişəhər” DTMQİ-nin tabeliyində olan Elmi-Mədəni Mərkəzin Elm şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru İ.Musayevanın moderatorluğu ilə keçirilən tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir ‎tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru‎ İlqar Niftəliyev "20 Yanvar sənədlərdə və xatirələrdə", Milli Azərbaycan Tarixi Muzeyi direktorunun birinci müavini, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov "20 Yanvardan sonra: Azərbaycan ictimai şüurunda transformasiya", filologiya elmləri doktoru Abid Tahirli "Faciə yaddaşımızın 30 ili", filologiya elmləri doktoru, professor Almaz Ülvi "Milli azadlıq mücahidi Ülvi Bünyadzadə", əməkdar jurnalist Rafiq Səməndər "20 Yanvar bədii ədəbiyyatda" adlı məruzələrlə çıxış edib.

Vurğulanmışdır ki, Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmə tarixini məhz 20 Yanvar hadisələrində həlak olan qəhrəman övladlarına borcludur. Onların vətən sevgisi, dönməz əqidəsi yurdumuzun başı üzərini alan qara buludları dağıtmış, çoxsaylı itkiyə, kədərə rəğmən xalq öz mətanətini itirməmişdir. Bu gün paytaxtımızın ən hündür guşəsində salınan Şəhidlər Xiyabanı gələcək nəsillər üçün rəşadət, igidlik simvoludur.

Konfransın sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa film nümayiş olunub.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər