2019-cu ildə Qız Qalasını 170 mindən artıq yerli və xarici turist ziyarət edib. Qız Qalasının 150.000-ci ziyarətçisinə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "150.000-ci ziyarətçi" sertifikatı və xatirə hədiyyələri təqdim olunub. Şanslı ziyarətçi Moskva şəhərindən Polina olub.

Xatırladaq ki, maddi mədəniyyət tariximizin ən görkəmli abidələrindən biri, Bakının simvolu sayılan Qız Qalası 2000-ci ildə YUNESKO-nun Ümumdünya İrs siyahısına salınmışdır.  Qız Qalası Xəzər dənizinin kənarında dənizə doğru maili nəhəng bir qayanın üzərində, silindrik fоrmada tikilmişdir. Qalanın  hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının  qalınlığı isə 5 metr təşkil edir.

Abidə onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanır və silindrik formaya malikdir. Qala səkkiz yarusludur. Mərtəbələr arasında əlaqə abidənin cənub-şərq hissəsində divar qalınlığında qurulmuş pilləkənlərlə saxlanılır. Yalnız birinci və ikinci mərtəbələr arasında əvvəllər pilləkən mövcud olmayıb, onu asma kəndir nərdivan əvəz etmişdir. Bir çox tədqiqatçılar Qız Qalasının ilkin olaraq dini məqsədlərlə ucaldıldığını, dini mərasimlərin keçirildiyi bir ibadətgah olduğunu qeyd edirlər. Onların fikrincə, bu, vaxtilə günəşə sitayiş edən yerli sakinlərin inanc və ayinləri ilə bağlı olmuşdur. Bir sıra alimlərin fikrincə isə, bu zərdüştlərin daxmasıdır. Onlar ölən həmyerlilərini qalanın yuxarısına yerləşdirib, quşlara yem edirdilər, sonra isə sümüklərini divarda yerləşən borular vasitəsilə yerə endirib dəfn edirdilər. Ona görə onlar Qız Qalasını e. ə. VIII - VII əsrlərə aid edirlər.

Alimlərin bir qismi Qız Qalasını Şirvanşahların ümumi müdafiə sisteminə daxil olmuş istehkam hesab edir və təhlükə zamanı qalanın üzərindən digər qalalara həyəcan siqnalının ötürülməsi üçün istifadə olunduğunu qeyd edirlər.

Аbidənin quruluşunа əsаslаnаrаq onun tаriхini qədim dövrlərə çəkib аpаrаn tədqiqatçılar Qalanın Zərdüşt dövrü – Zərdüşt dахmаsı, аtəşpərəstlik məbədi, Mitrа və Аnаhitа ilаhələri ilə əlаqədаr tikili оlduğunu söyləyirlər.

Qala divarları daxilində iki şaquli boşluq vardır. Bunlardan biri daşdan hörülmüş  su quyusu olaraq birinci və birbaşa üçüncü mərtəbəyə açılır. Quyunun ümumi dərinliyi 21 metr təşkil edir. Quyunun suyu analizə verilmiş və içməyə yararlı olması aydınlaşmışdır. 

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər