Həyata keçirilmiş layihələr

04.10.2019-cu il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təntənəli bağlanış mərasimi olub. 

28 sentyabr-4 oktyabr tarixlərində keçirilən “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı “Nəsimi İli”-nə   həsr edilmişdi.

35 İslam dövlətinin iştirakını təmin edən “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalında bədii sənətkarlıq və maddi-mədəniyyət inciləri təbliğ olunmuşdu. Festival çərçivəsində “İnkişafda olan incəsənətin perspektivləri və İslam dünyasının sənətkarlığına dair” Bakı Beynəlxalq Konqresi, “Əl işləri sahəsində novatorlar üçün Bakı Beynəlxalq Mükafatı” adlı müsabiqə və “Sənətkarlar iş başında” adlı beynəlxalq sərgi keçirilmişdi.

56 İslam ölkəsini öz ətrafında birləşdirən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzinin  (IRCICA) rəsmisi Nəzif Taleh Maaruf , “İcərişəhər” DTMQİ Muzey mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Əminə Məlikova tədbirdə çıxış edərək bu kimi beynəlxalq tədbirlərin ölkəmizin tarixi və mədəni dəyərlərinin qorunması və beynəlxalq arenada təbliği istiqamətindəki i əhəmiyyətini xüsusi vurğuladılar.

Bildirildi ki, festival ərəfəsində təşkil olunan müsabiqədə miniatür sənəti, ornament, qızılişləmə və cildləmə, xalça və kilimlər, milli geyimlər və naxışlar, qızıl və gümüş artefaktlar daxil olmaqla metalişləmə sənəti, dulusçuluq və keramika, taxta işi, kağızdən əl işləri, stukko rəngli şüşə və batika sənəti, saman, tikar, səbət, dəri, sədəf işi, bambuk ağacı üzrə sənət sahələri kimi 10 istiqamət üzrə ümumilikdə 100 sənətkar iştirak edib.

Mərasimin sonunda qalib iştirakçılara xüsusi sertifikatlar, müxtəlif hədiyyələr təqdim olundu.

Respublikamızdan vətənlərinə zəngin təəssürat, xoş əhval-ruhiyyə ilə ayrılan sənətkarlar bu mühüm tədbirin təşkilinə görə “İçərişəhər” DTMQİ rəhbərliyinə öz minnətdarlıqlarini bildirdilər.

  

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası