Sentyabrın 28-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təntənəli açılış mərasimi olub.

Mərasimində hökumət və dövlət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək ölkəmizdə bu il 650 illiyi qeyd edilən görkəmli mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş silsilə tədbirlər haqqında məlumat verib.

Bildirib ki, bu qəbildən olan ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini qeyd edən Ə.Ələkbərov bu münasibətlə ölkəmizdə və onun hüdudlarından kənarda da çoxsaylı tədbirlərin keçirildiyini qeyd edib.

Vurğulayıb ki, festival çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) beynəlxalq təşkilatı ilə birlikdə Azərbaycanda ilk dəfə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və “İslam dünyasında incəsənətin inkişaf perspektivləri” mövzusunda I Bakı Beynəlxalq Konqresi keçirir. 29 sentyabrda  başlayacaq konqresdə dünyanın 35 müsəlman ölkəsindən gələn 50-dən çox sənətkarlar, alim və ekspertlər iştirak edəcək.

Əsgər Ələkbərov vurğuladı ki, Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı zövqün, yaradıcılığın, sənətin ən gözəl nümunələridir. Bu abidələrimiz tək xalqımızın deyil, bütün dünyanın irsi hesab edilir: “2020-ci ildə abidələrimizin UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20 ili tamam olur. İçərişəhərdə tikilən abidələrin bir çoxu “Nəsimi epoxası”nın abidələri hesab edilir. İçərişəhər elə bir canlı tarixdir ki, burada daşoyma, xalçaçılıq, papaqçılıq, zərgərlik, toxuculuq, dulusçuluq, xəttatlıq kimi el sənətləri daim yaşayır və təbliğ olunur. Hazırda qədim şəhərdə əsrlərlə formalaşmış yüksək zövqün nişanəsi olan memarlıq abidələri, incəsənət və mədəniyyət nümunələri dövlət qayğısı altında qorunmaqdadır”.

Konqres və festival iştirakçılarına səmərəli fəaliyyət arzu edən Ə.Ələkbərov ölkəmizin tarixinin, mədəniyyətinin beşiyi olan İçərişəhərin festivalda iştirak edəcək hər bir qonağın yaddaşında xüsusi yer tutacağını qeyd edib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi olduqca əlamətdardır.

Belə ki, İmadəddin Nəsimin adı ilə bağlı olan bütün tədbirlər burada iştirak edən hər kəsi mənəvi cəhətdən birləşdirir.

“Biz İçərişəhərin dünənini də, bu gününü də görmüşük. Burada belə bir inkişafı, abadlıq-quruculuq işlərini gördükdə insan iftixar hissi keçirir. Mən xalqımızın tarixi və mədəniyyəti ilə qurur duyuram. Ölkəmiz müstəqillik əldə etdikdən sonra İslama və İslam tarixinə böyük diqqət yetirilib, qayğı göstərilib. Bu gün bu işlərin davam etməsi də göz qabağındadır. Bununla yanaşı, Heydər Əliyev Fondu və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da çox böyük işlər görür. Mən fürsətdən istifadə edib Prezident İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya bu işlərdə göstərdikləri böyük dəstəyə görə təşəkkür edirəm”, - deyə Allahşükür Paşazadə söyləyib.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə ikinci dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi böyük mədəniyyət hadisəsidir. Ölkəmizdə mütəmadi olaraq beynəlxalq tədbirlərin təşkilinə diqqət çəkən nazir vurğulayıb ki, bu tədbirlər yüksək səviyyədə təşkilatçılığı ilə yadda qalır. “Bizim xalq öz mədəniyyəti, ədəbiyyatı və tarixinə hər zaman həssaslıqla yanaşır. Hər zaman da belə olacaq, çünki biz heç vaxt özümüzü bunlarsız təsəvvür edə bilmərik”, - deyə Əbülfəs Qarayev vurğulayıb.

 “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq Konqresinin əhəmiyyətindən danışan nazir, bildirib ki, bu festival da müasir dövrdə inkişaf edən İslam mədəniyyətinin gələcək inteqrasiyası üçün təsirli bir təkan olacaq.

İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin Baş direktoru Xalid Ərən festivalın əhəmiyyəti barədə danışıb, bu çərçivədə reallaşan “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq Konqresinin önəmini vurğulayıb.

Qeyd edək ki, İçərişəhərdə təşkil olunan “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı oktyabrın 4-dək davam edəcək.

”İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası