Bakı Marionet Teatrı Fransanın Şarlevil-Mezyer şəhərində Beynəlxalq Marionet Teatrı Festivalında  “Leyli və Məcnun” tamaşası ilə çıxış edib.

Teatrın truppası tərəfindən 4 seansda ifa olunan tamaşa izləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb. Tamaşaya qarşı qeyri-adi marağın göstəricisi kimi tamaşanı ikinci dəfə təkrar olaraq seyr etmək üçün can atan izləyicilərin mövcudluğunu xüsusi qeyd etmək lazımdır.

Dahi musiqiçi, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 134 illik yubileyi ərəfəsində baş tutan dünya miqyaslı festivalda Marionet Teatrının ölkəmizi təmsil etməsi dahi bəstəkarın yubileyinə töhfə olmaqla yanaşı, Azərbaycan teatr sənəti tarixində daim qalacaq qürurverici bir hadisədir.

Əlavə olaraq qeyd etmək istərdik ki,  Azərbaycan və Xorvatiya Prezidentləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə dair imzalanan sənədlərə əsasən Azərbaycan-Xorvatiya mədəni əlaqələrinin möhkəmləndirilməsi məqsədilə Bakı Marionet Teatrı 27 sentyabr-1 oktyabr tarixləri arasında Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə səfər edəcək. Səfər çərçivəsində teatrın truppası izləyicilər qarşısında “Leyli və Məcnun” tamaşası ilə çıxış edəcək.