Sentyabrın 18-i Milli Musiqi Günü və dahi bəstəkar, professional musiqimizin banisi Üzeyir Hacibəylinin doğum günü münasibətilə Qız Qalasının önündə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Televiziyası Mədəniyyət kanalının birgə layihəsi əsasında konsert təşkil olunacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin direktor müavini Şahin Verdiyevin verdiyi məlumata görə konserti əməkdar kollektiv, Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri idarə edəcək. Kollektivin bədii rəhbəri və baş dirijoru əməkdar artist Faiq Sadıqovdur.

Konsertdə Üzeyir Hacıbəylinin və digər tanınmış bəstəkarların əsərləri Azərbaycan Televiziyası və Radiosunun solistləri, eyni zamanda, başqa sevilən müğənni və musiqiçilər tərəfindən ifa olunacaq.

Konsert saat 17.00-da başlayacaq.

Xəbərlər