İçərişəhər dünyanın demək olar bütün nöqtələrindən gələn qonaqları öz ecazkarlığı ilə heyran edir. Dünən qədim şəhəri görmək üçün Fransa Sahibkarlar Təşkilatı Biznes Şurasının Prezidenti Jofrua Ru de Beziö nümayəndə heyəti ilə birlikdə İçərişəhəri ziyarət etdi. Qonaqları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin üzvü Cavid Kazımov qarşıladı. Rəsmi şəxslərin arasında Şuranın Administrasiya rəhbəri Bruno Ronault, təhlükəsizlik xidməti rəhbəri David Carre, "MEDEF International" baş direktoru Philippe Gautier, direktor müavini Bogdan Gaden, həmçinin Fransa Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Aurelia Buşez, Azərbaycan Fransız İnstitunun direktoru Johan Şitterer də iştirak edirdi. Nümayəndə heyəti İçərişəhərin ən görkəmli abidələri olan Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi və orta əsr karvansarayını ziyarət etdilər. İçərişəhərin özünəməxsus zəngin ab-havasına heyran olan qonaqlar qədim şəhərdən olduqca xoş xatirələrlə ayrıldılar..