İçərişəhərin ən çox maraq kəsb edən məkanlarından biri, tarix və mədəniyyətin qovşağı olan Dördbucaqlı Qalada (Art Tower) 30 aprel tarixində gənc rəssamların əsərlərindən ibarət sərgi fəaliyyətə başlamışdır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, НПО Arts Council Azerbaijan tərəfindən təşkil edilən “Start” layihəsi çərçivəsində nümayiş edilən əl işləri gənclərin potensialını aşkara çıxartmaq, gənc rəssamları ruhlandırmaq, onların sənətini təbliğ etmək baxımından çox dəyərlidir. Bu sərgi isə geniş auditoriyaya və incəsənətsevərlərə yeni istedları tanımaq üçün imkan yaradır.
Sərginin ekspozisiyasına müəlliflər tərəfindən müxtəlif üslubda və boyakarlığın müxtəlif istiqamətləri üzrə çəkilən əsərlər daxildir. Onlar insanın hiss və düşüncələrini əks etdirir, mövcudluğun harmoniyasını üzə çıxardır. Əl işləri arasında natürmort və şəhər peyzajı üslubunda da əsərlər yer alır. 
Sərgi 1-18 may tarixləri aralığında saat 11:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək.
Giriş sərbəstdir.