Layihəmizin may ayındakı ilk qonağı rəssam Bəhruz Kəngərli oldu! İçərişəhərdə emalatxanası yerləşən rəssam bütünlüklə qədim şəhərin abu-havasına heyrandır və öz ruhunu bu məkana aid hesab edir. Yaradıcılığının bu qədər uğurlu olmasının səbəbi də İçərişəhərin sehrinin, gözəlliyinin ona ilham verməsidir. Gəlin qonağımızın duyğuları ilə daha yaxından tanış olaq:

"Hər bir kəsin öz şəhəri, hər şəhərin də qəlbinin döyündüyü yer var. Düşünürəm ki, həmin yer İçərişəhərdir desəm yanılmaram. Bir rəssam kimi artıq 3 ildir ki, küləklər şəhərinin mərkəzində işləmək məni çox sevindirir. İçərişəhər sanki bir sandıq kimi özündə bir çox sirr saxlayır. O, müəammalar, müdriklik və əfsanələrlə doludur. Mən də öz əsərlərimdə həmin mistikanı izləyirəm və bu təkrarsız abu-havanın xoş təsiri ilə kətan üzərində işləməmək, tarixin bir hissəsi olmamaq mümkün deyil".