Layihələr

Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin prioritetidir. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.

 

Qeyd olunmalıdır ki, sadalanan bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir. Hal-hazırda isə nəinki İçərişəhər, bütövlükdə Azərbaycan tarixi üçün böyük dəyərə malik Qoşa Qala qapılarında sözügedən şirkət tərəfindən bərpa-konservasiya işləri aparılır. Layihəyə əsasən 2019-cu ildə Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcəkdir. 

 

Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanmışdır. Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır.

 

“İçərişəhər” DTMQİ ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilmişdir. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməmiş, yalnız 2011-2012-ci illərdə Qoruq İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilmişdir. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici qüvvələrin təsiri altında zədələnir və daşlar aşınmaya məruz qalır. 

 

Bununla bağlı olaraq Qoruq İdarəsi başladığı missiyanı uğurla davam etdirərək hazırda İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirir.

 

Xəbərlər