Əlaqə

“İçərişəhər” DTMQİ Kiçik Qala küçəsi ilə bağlı məqsədli və qərəzli olaraq yayılan və yayımlanan ittihamlara cavab olaraq bugün ölkənin öndəgedən və geniş tamaşaçı, oxucu kütləsinə malik telekanallarının və xəbər portallarının iştirakı ilə mətbuat konfransı keçirmişdir. Tədbirdə çıxış edən “İçərişəhər” DTMQİ aparatının rəhbəri Read Qasımov bütün bu addımların qəsdən müxalif qüvvələr tərəfindən aparıldığını, ölkəmizdə keçirilən əhəmiyyətli, genişmiqyaslı tədbirlər öncəsi məqsədli formada həyata keçirildiyini bildirdi. “Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektləri artıq 10 ildir ki, fəaliyyət göstərirdi. Bu obyektlərin İdarənin balansında olması, hüquqi baxımdan dövlət mülkiyyətində yerləşməsini və həmin obyektlərin uzun müddət fəaliyyət göstərdikdən sonra texniki cəhətdən yararsız hala düşməsini, gələcəkdə bununla bağlı yaranacaq problemlərin qarşısının alınması məqsədilə İdarə qərar qəbul etdi ki, həmin ərazidə rekonstruksiya işlərinə aparılsın. Həmin rekonstruksiya işləri daha əvvəldən hər birimizə tanış olan “Manqal”, “Sehrli təndir” və “Qala divarı” restoranlarına aiddir. Bu restoranların köhnə taxta divarı sökülərək metal və şüşədən ibarət konstruksiya ilə əvəz edilir. Layihənin bitməsinə çox az vaxt qalıb. Təqribən 2 aydan sonra layihə başa çatacaq və müvafiq olaraq həmin restoranların əvvəlki sahiblərinə təhvil veriləcək. Bu, birinci məsələdir.

İkinci toxunmaq istədiyim məsələ sosial şəbəkələrdə yayılan və əslində 2011-ci ilə aid olan fotoşəkillərlə bağlıdır. O, fotoşəkillər həm yeni, həm də Qala divarlarını dağıdan görüntü kimi təqdim edilir. Bu, sırf olaraq təxribat məqsədilə atılan addımdır. Mən bunu daha əvvəl söyləmişəm və bir daha İdarənin adından təsdiq edirəm. Bu, müxalif qüvvələrin metodları və təxribatlarıdır. Müxalif qüvvələr ölkəmizdə əhəmiyyətli, genişmiqyaslı tədbirlərdən öncə hər zaman bu cür üsullara əl atırlar. Biz hamımız bilirik ki, İdarənin yarandığı son 10-12 il ərzində İdarə tərəfindən, dövlət başçısı möhtərəm cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən qayğı və diqqət nəticəsində böyük bərpa işləri aparılıb. Müxalif qüvvələr isə bunu görmür və ya görmək istəmir. Biz bunu çox gözəl dərk edirik. Lakin hamınız bilirsiniz ki, neçə nəhəng abidə - Qız Qalası, Şirvanşahlar Sarayı Komleksi, Bəylər məscidi, Məhəmməd məscidi, Marionet teatrı, Cümə məscidinin minarəsi bərpa edilib. Hal-hazırda isə Bakı Xanları Kompleksində də bu bərpa və abadlıq işləri aparılır. “İçərişəhər” DTMQİ-nin bu uğurlu nəticələri kimlərisə qane etmir və onlar bunu yox etməyə, pis qələmə verməyə çalışırlar. Təbii ki, bu təxribatlar keçməyəcək. Xalqımız da bunu görür. Burada yaşayan sakin, çalışan şəxs, İçərişəhəri ziyarət edən turist, heç olmasa ayda bir dəfə İçərişəhərə gələn vətəndaş bu şayiələrin yalan olduğunu görə bilər. Bu, birmənalıdır”.

Xəbərlər