Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas prioritetləri olaraq hər zaman qalacaqdır. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.

İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Bununla bağlı olaraq ictimaiyyətə məlumatların vaxtında və düzgün çatdırılması, informasiyanın əhatəli və aktual olması nöqteyi-nəzərindən "İçərişəhər" DTMQİ daim mətbuatla sıx əməkdaşlıq edir. İstər telekanallar, istərsə də xəbər portalları ilə informasiya mübadiləsi aparılır, onlara müvafiq xəbərin və ya reportajın hazırlanması üçün bütün şərait yaradılır. Azərbaycanın tarixi, memarlığı, mədəniyyəti, adət-ənənəsini təbliğ edən, izləyici kütləsinə düzgün məlumat çatdıran hər bir media qurumu və ya mənsubu İdarə tərəfindən həm müsahibələr, həm də müvafiq material ilə təmin edilir.

Bu çərçivədə “İçərişəhər” DTMQİ mətbuat nümayəndələri ilə xüsusi görüşlər keçirir və onları maraqlandıran suallar öz cavabını tapır. Artıq ənənə halını almış bu cür görüşlərdən növbətisi 24 aprel tarixində baş tutdu. Ölkənin tanınmış və kifayət qədər izləyici kütləsinə malik xəbər portallarının və telekanallarının iştirakı ilə keçirilən görüşdə xüsusi tur təşkil edildi. Görüşün mahiyyəti 2019-cu ildə Qoruq İdarəsinin həyata keçirdiyi işləri təqdim etmək, mətbuata və vətəndaşlara qərəzsiz və ətraflı məlumatın çatdırılmasını təmin etmək idi. Press tur ərzində ilk olaraq Qoşa Qala meydanında yerləşən Zəncirli Binada fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi ziyarət edilmiş, iştirakçılara həm mərkəz, həmçinin nümayiş edilən sərgi barədə məlumat verilmişdir. Daha sonra mətbuat nümayəndələri yenidən Qoşa Qala meydanında yerləşən XVII əsrə məxsus Yeraltı hamamı ziyarət etmiş, bu orta əsr memarlıq nümunəsinin xarici və daxili quruluşu, orada aparılan konservasiya işləri barədə ətraflı məlumatla tanış olmuşlar. Eyni zamanda iştirakçılar hal-hazırda konservasiya işlərinin aparıldığı və tezliklə muzey olaraq fəaliyyətə başlayacaq Bakı Xanları Evi ilə tanış olmuş, abidədə aparılan yenidənqurma işlərini izləmişlər. Son olaraq media mənsubları Kiçik Qala küçəsində, Qala divarları boyunca aparılan təmir işləri ilə tanış olmuş və müəyyən saytlarda, sosial şəbəkələrdə yayımlanan xəbərlərin həqiqətə uyğun olmadığını müşahidə etmişlər.

Qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə son günlərdə yayımlanan fotoşəkil isə hal-hazırda ərazidə görülən işləri əks etdirmir. Həmin fotoşəkil noyabr ayında çəkilib və orada görünən kərpic və digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyildir. Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur.

Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılmışdır.

Ərazidə mövcud olan restoranlar qeyd edildiyi kimi artıq uzun illərdir ki, fəaliyyət göstərirdi və bu layihədə məqsəd onları yeniləmək və daha yüksək keyfiyyətli, xoş görünüşlü tikili ərsəyə gətirməkdir. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub.

Sosial şəbəkələrdə və müəyyən saytlarda qala divarlarına zərər vurulması ilə bağlı məlumatlar əsassızdır. Çünki məhz Qoruq İdarəsi Qala divarlarınının bir hissəsini son illərdə bərpa etmiş və onların dayanıqlığını möhkəmləndirmişdir.

Vurğulamaq istərdik ki, İçərişəhər canlı bir orqanizmdir. Burada 3 minə yaxın insan yaşayır və həyat öz axarı ilə davam edir. Məhz bu füsunkar məkanın dünyanın bir çox tarixi şəhərlərindən başlıca fərqi də odur ki, o, ətraf mühitdən təcrid olunmamışdır, əksinə özünün coşğun həyatı ilə milyonlarla insanı özünə cəlb edir. Odur ki, onun ərazisində istər sakinlərin iş fəaliyyəti ilə məşğul olması, istərsə də xarici qonaqların istirahəti üçün ictimai iaşə obyektlərinin olması faydalı və əhəmiyyətlidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində tarixi-mədəni və əyləncə məfhumları arasında olan balansı daim nəzarətdə saxlayır və heç bir halda bu tarazlıq pozulmayacaqdır.

 

Xəbərlər Qalereyası

Xəbərlər