Xəbərlər

Son zamanlar bir sıra şəxslər və kütləvi informasiya vasitələri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən artıq bir neçə dəfə rəsmi bəyanatın verilməsinə baxmayaraq təkrarən sosial şəbəkələrdə “İçərişəhər” DTMQ ərazisində - Kiçik Qala küçəsində Qala divarlarına guya zərər yetirən tikinti işlərinin aparılması haqqında yanlış məlumatlar yayır. Bununla bağlı olaraq İdarə aşağıdakıları (2018-ci ilin noyabr ayında və 2019-cu ilin yanvar ayında geniş məlumat verdiyi kimi) bir daha ictimaiyyətin nəzərinə çatdırmağı vacib hesab edir:

Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması İdarənin əsas prioritetləri olaraq hər zaman qalacaqdır. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.

İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Ötən ilin sonundan etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir. Layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.

Qeyd edək ki, həmin layihəyə aid məlumatlar 2018-ci ilin noyabr ayından etibarən İdarənin rəsmi veb-səhifəsində mövcuddur ( https://icherisheher.gov.az/az/project/45 ) və son aylar ərzində İdarənin sosial şəbəkələrindəki rəsmi hesablarında və
kütləvi informasiya vasitələri ilə paylaşılmışdır - misal üçün: 
https://www.facebook.com/118142344864149/posts/2279710435373985?sfns=mo ;

https://www.instagram.com/icherisheher_livi…/p/BtPxFJJARo-/…

Qeyd olunmalıdır ki, layihəyə dair yanlış məlumatları daimi olaraq yayan şəxslərə cari ilin yanvar ayında İdarənin rəsmiləri tərəfindən geniş şərh və açıqlamalar verilərək qeyd olunmuşdur ki, hər bir vətəndaşın hər zaman İdarəyə rəsmi sorğu ilə müraciət etmək və məlumat almaq hüququ mövcuddur. Lakin həmin şəxslər nədənsə bu hüquqdan istifadə etməyərək sosial şəbəkələrdə məhz özlərinin düşündüyü və həqiqətə uyğun olmayan məlumatları geniş izləyici kütləsi arasında paylaşmağa üstünlük verir.

İdarə “İçərişəhər” DTMQ ərazisində Vətənimizin mədəni irsinin qorunması və inkişafına göstərdiyi diqqət və qayğıya görə hər bir vətəndaşa minnətdarlığını bildirir.


Xəbərlər